Azərbaycanca На главную контакты    бизнесменам спортсменам психологам родителям абитуриентам студентам    

 

 

Советуем прочесть



Советы психолога


Советы для худеющих

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player


Советы для вступающих в брак Советы для вступающих в брак



Психологи шутят

MasterGroup



 

Bakililar.az

 

 

 

 

Şərqdə və qərbdə milli-mənəvi dəyərlər

 

Səlahəddin Xəlilov

fəlsəfə elmləri doktoru, AMEA-nın müxbir üzvü

 

İnsan, bir tərəfdən xarici mühitlə əlaqə xüsusiyyətləri, digər tərəfdən özünəməxsus daxili xüsusiyyətləri ilə səciyyələnir. Hər bir insan bioloji varlıq olaraq lap yaranışdan daşıyıcısı olduğu genlərdə kodlaşdırılmış olur. Genlərdə onun fiziki-cismani imkanlarının, sağlamlıq dərəcəsinin, hətta intellektual və bir sıra mənəvi-psixoloji xüsusiyyətlərinin əsası qoyulmuş olur. Sonrakı həyatı boyu insanın sağlamlığı, cismani-bioloji varlığı xarici təbii mühitdən, orqanizmin daxil olduğu fiziki və bioloji əlaqələrdən asılı olaraq dəyişir. Bu mənada insan orqanizmi hər bir mərhələdə ilkin genetik imkanlarla xarici təbii mühitin əlaqəsi və hətta mübarizəsi şəraitində formalaşır.

Lakin insan sadəcə cismani-bioloji varlıq deyil və onu əhatə edən mühit də sadəcə təbii mühit deyil. İnsan həm də sosial varlıq olaraq digər insanlarla və ümumən cəmiyyətlə qarşılıqlı əlaqəyə girir və bu əlaqələr onun formalaşmasına ciddi təsir göstərir. Bu mənada insanın ekologiyası bioloji ekologiya ilə yanaşı sosial və mənəvi ekologiyanı da əhatə edir.

İnsanın mənəviyyatı, bir tərəfdən, genetik əsaslara malik olsa da, əsasən sosial-mənəvi mühitin təsiri ilə formalaşır. Burada cəmiyyətin mədəni-mənəvi həyatı, insanın yetişdiyi mühitin kulturoloji aspektləri mühüm rol oynayır.

İnsanın formalaşdığı ictimai mühit mövcud dəyərlər sistemi, sosial və hüquqi normalar, mövcud dövlət quruluşu, iqtisadi münasibətlər, ailə münasibətləri, təhsil sistemi və s. bu kimi elementlərin sintezindən ibarətdir. Mədəni-mənəvi mühit isə cəmiyyətin müvafiq rakursu ilə yanaşı əvvəlki nəsillərdən qalmış sənət əsərləri, xüsusən, bədii ədəbiyyat və kinonun təsiri ilə formalaşır. Bütün bunlar insanların bir mütəxəssis və bir vətəndaş kimi yetişməsində mühüm rol oynayır.

Fiziki-bioloji ekologiyada olduğu kimi sosial-mənəvi ekologiyada da böhran baş verə bilər. Ona görə də sosial-mənəvi mühitin saflığının qorunması dövrün qlobal problemlərindən biridir. Bayağı mədəniyyətin ayaq açıb yeridiyi, xarici ölkələrdən milli-mənəvi mühitimizə yabançı olan təsirlərinin gücləndiyi bir vaxtda sosial-mənəvi ekologiyanın problemlərini öyrənmək və lazım gəldikdə həyəcan təbili çalmaq lazımdır.

Bu gün mədəni-mənəvi köklərimizə qayıdış istiqamətində, milli mənsubiyyətimizin təkcə formal surətdə deyil, həm də məzmun baxımından təsbit olunması uğrunda aparılan mübarizə həm də elmi-nəzəri əsaslara malik olmalıdır. Xüsusən televiziyanın, mətbuatın milli mənəviyyata yad elementlərlə dolduğu bir vaxtda mənəvi mühitin qorunması problemi çox aktualdır. Burada milli özünüdərk prosesi ilə özünüqoruma instinktinin vəhdətindən çıxış etmək lazımdır. İnstinkt əsasən psixik-bioloji anlayış olsa da, biz burada sosial instinktdən bəhs edirik. Yəni ictimai həyatımıza kənardan daxil olan yad təsirlərdən qorunmaq üçün bu gün gənclərimizdə sosial özünümüdafiə instinkti formalaşdırılmalıdır.

Müasir dövrdə ən aktual problemlərdən biri milli özünütəcrid və qloballaşma kimi iki kənar hal arasında optimal nisbətin tapılmasıdır. Qloballaşma prosesi elm, texnika, texnologiya ilə – ümumbəşəri dəyərlərlə yanaşı milli kimliyi müəyyən edən mədəni-mənəvi amillərə də sirayət etməyə cəhd göstərir. İstər düşünülmüş şəkildə, istərsə də qərəzsiz olaraq – fərqi yoxdur. Belə bir şəraitdə ilk növbədə nələri qorumaq lazım olduğunu, məhz hansı məsələlərdə məqsədyönlü surətdə ənənəçi, konservator olmağın labüdlüyünü ziyalılar müəyyənləşdirməlidir. Yeri gəlmişkən, əsrin əvvəlində bizim böyük ziyalılarımız oriyentir kimi "türkçülük, islamçılıq və müasirliyin vəhdəti" prinsipini tövsiyə edirdilər ki, bu prinsip indi də aktuallığını saxlamaqdadır.

Bununla belə, bizcə, ilk növbədə meyarlar müəyyənləşməlidir. İdeal halda biz özümüzü necə təsəvvür edirik və ya bizim milli-mənəvi idealımız nədən ibarətdir? İndi biz hansı real durumdayıq və daşıdığımız hansı keyfiyyətləri məhz milli səciyyə kimi qiymətləndirmək olar? Keçmişə də məhz bu real durum və ideal prizmasından, onun əsasında formalaşan meyarlardan çıxış edərək yanaşmaq lazımdır. "Soy-kökə qayıdış" çağırışında qorxulu olan məqam bundan ibarətdir ki, biz keçmişimizdə olan istənilən keyfiyyəti milli invariant kimi və pozitiv cəhət kimi qəbul edə bilmərik. Həqiqi milli keyfiyyətlər milləti yaşadan, onu inkişaf etdirən keyfiyyətlərdir. Bu baxımdan, keçmişimizdən qalan, lakin tərəqqiyə deyil, tənəzzülə xidmət edən cəhətləri yaşatmaqdansa, onlardan xilas olmaq yolu tutulmalıdır. Lakin biz yenə də nəyin pozitiv, nəyin neqativ, yaxud nəyin həqiqi, nəyin saxta olduğunu aydınlaşdıra bilmək üçün keçmişdən daha çox bu günümüzə və gələcəyimizə, milli-mənəvi idealımıza xidmət etməliyik.

Ərazinin tarixi, xalqın tarixi, millətin tarixi, dövlətini tarixi fərqləndirilmədən məsələyə milli şüur prizmasından baxmaq çətindir. Minilliyin və yüzilliyin əsas səciyyələrini vermək üçün əvvəlcə bütövlükdə tarixi inkişaf prosesi heç olmazsa ən ümumi şəkildə nəzərə alınmalıdır.

Etnik qrupların bütöv bir millət halında formalaşması prosesi daha çox dərəcədə əvvəlki minilliklərə aid bir məsələdir.

Son minillik Azərbaycanda etnik-milli baxımdan türk təfəkkürü və türk həyat tərzi ilə; dini müstəvidə yanaşdıqda isə islam mənəviyyatı və islam düşüncə tərzi ilə səciyyələnir. Beləliklə, yola saldığımız minillikdə Azərbaycan xalqının mentaliteti türkçülük və islamçılığın üzvi vəhdəti, sintezi şəraitində formalaşmışdır. Lakin bu böyük əsas prosesə ayrı-ayrı dövrlərdə kənar amillər də təsir göstərmişdir. Bu baxımdan, axırıncı yüzillik daha çox Rusiya amilinin əlavə olunması ilə səciyyələnir. Rusiya amili isə öz növbəsində iki istiqamətə ayrıla bilər. Birincisi, imperiya siyasətindən gələn neqativ təsir; antimilli, antitürk siyasəti. İkincisi, ümumbəşəri dəyərlərlə əlaqə baxımından pozitiv məqamlar, Qərbə açılan pəncərə, Qərb sivilizasiyası ilə tanışlıq. Bu amil axırıncı yüzilliyin həm inqilabaqədərki dövrünə, həm də sovet perioduna aiddir. Sovet periodunun əvvəlki rus təsirindən əsas fərqləri isə buraya həm də anti-islam və ümumiyyətlə, ateizm siyasətinin əlavə olunması, şüurların ideologiya çərçivəsinə salınması, digər tərəfdən isə əhalinin savadlılıq dərəcəsinin artması ilə əlamətdardır.

Son yüzilliyin axırıncı on ili isə milli şüurun intibahı və milli özünüdərk istiqamətin-də axtarışlarla əlamətdardır. Belə ki, yeni yüzilliyə biz milli özünüdərk və milli dövlət quruculuğu əzmi ilə, dövlətçilik təfəkkürünün intibahı şansı ilə qədəm qoyduq və bu axtarışlar indi də davam etməkdədir.

Keçid dövründə formalaşmış milli-mənəvi prinsiplər daha yaramadığından, yeni milli-mənəvi prinsiplər isə hələ tam formalaşmadığından artıq müəyyən ciddi problemlərlə üzləşirik. Müasir dövrdə uzun müddət qapalı şəraitdə yaşamış Azərbaycan xarici ölkələrlə sıx əlaqəyə girir. Xarici jurnallar, televiziya kanalları və digər informasiya vasitələri ilə Avropanın, Amerikanın və bütün planetin mənəviyyat sahəsində nə problemləri, nöqsanları vardısa, hamısı bizim məkana daxil olur. Əlbəttə, insanlar mənəviyyatca kamil olsalar və kənardan hər hansı mənəvi müdaxiləyə qarşı hazır olsalar, kənar təsirlərə qarşı fərdi daxili müqavimət qüvvələri böyük olar. Lakin hətta tək-tək adamlar öz mənəvi varlığını qorumaq gücündə və səviyyəsində olsalar da, əksəriyyət bunu bacara bilməz. Çünki bütün insanlar eyni dərəcədə kamil və iradəli deyillər. Ona görə də, milli varlığı qoruyub saxlamaq funksiyasını dövlət öz üzərinə götürməlidir.

Dövlətin bu sahədə strateji planı olmalıdır. İstər təhsil sistemi, istər gənclərin mədəni-mənəvi həyatı elə bir mühİt yaratmalıdır ki, bu mühitin xarici təsirlərə qarşı reaksiya qabiliyyəti güclü olsun. Yəni insanla xarici təsir arasında bir qoruyucu sahə olmalıdır. Təsadüfi deyildir ki, son vaxtlar mədəni-mənəvi ekologiya anlayışından da istifadə olunur.

İnsanın ətrafında onun daxilindəki mənəviyyat üçün qoruyucu mühit olmalıdır. Necə ki, ozon qatı deşiləndə müxtəlif radiasiyalı şüalar atmosferə daxil olaraq insan həyatı üçün təhlükə yaradır, eləcə də bizi əhatə edən qoruyucu mədən-mənəvi mühit deşiləndə birbaşa yad təsirlər insanın daxilinə yol tapır. Belə qorumsuzluq şəraitində yalnız hansı insanlar ki, iradəlidir – onlar tab gətirir, əksəriyyət isə təsir altına düşür. Ona görə, bizim əsas iki vəzifəmiz var: Birincisi, insanların mədəni-mənəvi kamillik, özünüdərk dərəcəsini və iradəsini yüksəltmək istiqamətində iş görməliyik və bu məqsədlə təhsil sisteminin, tədris proqramlarının yenidən nəzərdən keçirilməsinə ehtiyac vardır. İkincisi, insanların yaşadığı mədəni-mənəvi mühit saflaşmalıdır, mənəvi ekologiya problemləri sistemli şəkildə həll olunmalıdır.

Sovet dövründə problemlər nisbətən az idi, amma bunun səbəbi o deyildi ki, ideologiya indikindən yaxşı idi. Sadəcə olaraq, o zaman bütün sahələrə sərhədlər çəkilmişdi. Həm inzibati, siyasi, iqtisadi, həm də mədəni-mənəvi sərhədlər möhkəm idi. Xaricdən hər hansı bir təsir mümkün deyildi. Ölkəyə hər hansı kənar bir jurnal daxil ola bilməz, Qlavlitin icazəsi olmadan çap edilə bilməzdi. Hər hansı bir xarici televiziya kanalını tutmaq nəinki sadəcə texniki cəhətdən mümkün deyildi, həm də ona icazə verilmirdi. Hətta radiolarda bəzi dalğalar söndürülürdü, onlara qulaq asmaq mümkün olmurdu. Mədəni-mənəvi deqrodasiyaya xidmət edən, dövlətin ideoloji prinsiplərinə qarşı yönəldilmiş verilişlərin qarşısı isə tamamilə almırdı.

İndi biz demokratik cəmiyyət qururuq. Daha qapıları bağlaya bilmərik. Qapıların açılması, bir tərəfdən, yaxşıdır, amma bu açıq qapılardan yaxşı informasiya ilə bərabər pis informasiyalar, insanların mənəviyyatına zərərli olan televiziya verilişləri, mətbuat orqanları da daxil olur. Və bizim bəzi yerli mətbuat orqanları asan yolla pul qazanmaq xatirinə mənəviyyatı satmaq xəttini tutur və ənənələrimizə böyük zərbə vururlar. Məhz buna görə də bizim mətbuat azadlığı prinsiplərimiz olsa da, rəsmən senzura ləğv edilsə də, indi artıq senzuranı əvəz edəcək mədəni-mənəvi senzuraya ehtiyac vardır. Görünür, bu məqsədə xidmət edən ictimai danlaq və məzəmmət formaları tapılmalıdır.

Biz ənənələrimizə sədaqət prinsipindən, yüksək mənəvi dəyərlərimizi, milli kimliyimizi qorumaq prinsipindən çıxış etməliyik. Çünki özünütəsdiq milli-tarixi köklərə arxalanır. Bir sıra mətbuat orqanlarının erotik, pornoqrafik, eyni zamanda qorxunc fantastik mövzularda yazıları, televiziya kanallarının gənclərin psixikasını pozan qeyri-etik və dəhşət doğuran, reallığa uyğun gəlməyən filmləri mənəviyyata mənfi təsir edir. Bizim əsas işimiz bütün istiqamətlərdə mədəni-mənəvi mühitin saflaşdırılmasına nail olmaqdır.

Bu işdə təhsil işçilərinin üzərinə böyük vəzifə düşür. Lakin bizim tərbiyə verən müəllimlərin özlərinin mənəvi kamillik, intellektual hazırlıq dərəcəsi yetərlidirmi? Onlar üzərlərinə düşən böyük missiyanın öhdəsindən gəlməyə hazırdırlarmı? Mən deyərdim ki, – yox. Əlbəttə, yüksək səviyyəli, öz işinin öhdəsindən layiqincə gələn müəllimlərimiz də var. Ancaq bunu əksəriyyət üçün demək olmaz. Cəmiyyət dəyişirsə, yeni yetişən gənc kadrların tərbiyə sistemi, onlara verilən biliklərin məzmunu da dəyişməlidir.

Müstəqillik dövründə milli mədəniyyətin və milli mənəviyyatın inkişafı üçün daha böyük imkanlar əldə etmişik. Xüsusilə islamın mənəvi tərbiyə üçün faydalı olan prinsiplərindən istifadə etmək hüququ qazanmışıq. Lakin eyni zamanda, islamın özündən uzaq olan mövhumatçılıq və fanatizm prinsipləri üçün də meydan açılıb. Deməli, qadağalar həm yaxşı, həm də pis şeylər üçün götürülüb. Bizim üzərimizə düşən əsas məsuliyyət yeni müsbət tendensiyaları inkişaf etdirməklə, pozucu, mənəviyyata dağıdıcı təsir göstərən amillər üçün çəpər çəkməkdir.

Təsadüfi deyildir ki, bu gün milli ideologiyamızın əsas tərkib hissələrindən biri azərbaycançılıqdır. Azərbaycançılıq həyat tərzində, əxlaqda, mənəviyyatda, dildə, dində, ədəbiyyatda – mənəvi mədəniyyətin bütün sahələrində əsas istiqamətləndirici məfkurə olmalıdır. Şifahi xalq ədəbiyyatı, el sənəti, milli musiqi, millətin mədəni-mənəvi mövcudluğunun bütün təzahürləri bu gün vahid bir ideya ətrafında sıx surətdə birləşməlidir.

Əsrlərdən bizə miras qalmış milli-mənəvi dəyərlər nəinki təkcə müasir milli mövcudluğumuzun, həm də siyasi mövcudluğumuzun, dövlətçiliyimizin qarantına çevrilməlidir. Və əksinə. Milli-mənəvi varlığımızın qorunub saxlanması da dövlətin ən əsas funksiyalarından biri olmalıdır. Azərbaycançılıq Azərbaycan dövlətinin milli-siyasi məfkurəsinə çevrilməlidir.

Sağlam mədəni-mənəvi mühit formalaşdırmaq və onu qoruyub saxlamaq qloballaşma şəraitində çox çətindir. Bu çətinlik müqabilində təslimçilik isə tam bir anarxiya yaranmasına səbəb olur. Onda məktəb tərbiyəsi də öz təsirini itirmiş olur. Məktəbin funksiyası və ona münasibət dəyişir. Əgər biz məktəbi sadəcə təlim vasitəsi kimi deyil, həm də tərbiyə ocağı kimi qoruyub saxlamaq istəyiriksə, öncə milli mədəni-mənəvi mühiti qorumaq haqqın-da düşünməliyik. Təhsil özü də bütövlükdə milli ideologiyanın tərkib hissəsinə çevrilməlidir.

Azərbaycan yeni iqtisadi münasibətlərə keçərkən təbii ki, bu sahədə böyük təcrübəsi olan Qərb dünyasından çox şey öyrənməlidir. Həm elm və texnikanın yüksək inkişaf səviyyəsinə görə, həm də neçə yüzilliklər ərzində bazar iqtisadiyyatının qərarlaşma dərəcəsinə və sosial yönümünə görə Qərb dünyası, heç şübhəsiz, öncül mövqe tutur.

Lakin müasirlik ancaq texnologiya və iqtisadiyyat göstəriciləri ilə müəyyən edilə bilməz. Müasir insanın formalaşmasında bəşəriyyətin min illərlə ölçülən mənəvi təkamül yolu bəlkə də elmi-texniki tərəqqidən daha çox rol oynamışdır.

Bəziləri Şərq dünyasını təmsil edən ölkələrin, o cümlədən, Azərbaycanın müasir texnikaya əsaslanan iqtisadi yarışda qabaqcıl Qərb ölkələrindən geri qalmasının səbəblərini islam dinində və ənənəvi düşüncə tərzində axtarırlar. Halbuki iqtisadi inkişafın hərəkətverici qüvvəsi din yox, elmdir. Din iqtisadi meyarlarla deyil, ancaq mənəvi meyarlarla dəyərləndirilə bilər. Söhbət hansı dinə qulluq edilməsindən yox, ümumiyyətlə din və elmin münasibətindən getməlidir. Din öz yerində, elm də öz yerində olduqda cəmiyyətin iqtisadi inkişafına heç bir xələl gəlməz.

Şərqdə mənəviyyat daha çox dərəcədə fərdin öz miqyası ilə məhdudlaşdığından, cəmiyyətin mədəni-mənəvi həyatından ayrılaraq özünə qapıldığından, insan daha çox öz dünyasında yaşadığından onun xarici dünya ilə, maddi həyatla əlaqəsi əsasən iki formada həyata keçir:

1. Fərdi mənəviyyat aləminin qapılan ani olaraq açılır və xarici mühitlə intensiv əlaqə yaranır. Bu əlaqə özü müstəqilləşir və insanın xarici təsirə məruz qalmadığı dövrdə, soyuqqanlı düşüncə şəraitində qərarlaşmış fərdi mənəviyyat oyundankənar vəziyyətdə qalır. Fərdi aləm unudulur və insan dünyaya ancaq mühitlə intensiv əlaqənin təsirindən, emosional reaksiyadan doğan konkret bir tapşırıq, hökm, qərarla çıxır. İllər boyu formalaşmış konseptual düşüncə arxa plana keçir, emosiya vulkanının püskürdüyü lavanın altında qalır.

İmpulsiv emosional reaksiyalardan xilas olmağa çalışan, Qərbin soyuqqanlı düşüncəsinə həsəd aparan Şərq adamının istəyini Əbu Turxan belə ifadə edir:

 

Hikmət sirdaş olub qala biləydi,

Zəngli saat kimi çala biləydi,

Gen gündə Gün kimi aydın olanı

Məqamda yadıma sala biləydi.

 

Şərqdə insanın dünyaya münasibəti əsasən aksioloji xarakter daşıyır, fərdi mənəviyyat prizmasından kənar hadisəyə ancaq qiymət verilir, ona yaxşı və ya pis münasibət bəslənir, sonra isə bu münasibət ya poetik yolla vəsf edilir (mədhiyyə və ya həcv yazılır), ya da daha sistemsiz və daha impulsiv yolla adi şüur səviyyəsində büruzə verilir.

İnformasiyanın xaricdən fərdi mənəvi dünyaya qəbul olunması da əsasən təəssürat formasında, aksioloji xətlə həyata keçir.

2. Fərdi mən prizmasından dünya ancaq ağ və qara rənglərdə görünə bildiyin-dən çox vaxt təsadüfi amillər nəticəsində ya ağların, ya da qaraların siyahısına düşən hadisələr uyğun olaraq ya təriflənir, ya da pislənir. Eyni hadisənin müxtəlif yönümlərdə müxtəlif rəngləri üzə çıxarılmır, məsələyə dialektik baxımdan, sistemli şəkildə yanaşılmır. Təhlil olmadığından bir münasibətdə "yaxşı" kimi qəbul olunan hadisənin pis cəhətləri üzə çıxarılmır və əksinə.

Bəli, Şərq təfəkkürü nöqsanlardan azad deyil. Lakin kim belə hesab edirsə ki, müasir dövrdə xalqımızın tərəqqisinə mane olan Şərq təfəkkür tərzidir – səhv edir. Şərq təfəkkürünün müəyyən çatışmazlıqları varsa, bu onun üstün cəhətlərinə də neqativ planda baxmaq üçün əsas vermir. Digər tərəfdən də, ona qarşı qoyulan Qərb təfəkkür tərzi də özünəməxsus nöqsanlara malikdir. Yağışdan çıxıb yağmura düşmək nailiyyət hesab oluna bilməz. Təcrübə göstərir ki, biz Qərb mədə-niyyətinin, Qərb təfəkkür tərzinin məhz nöqsanlı cəhətlərini qəbul etməyə daha çox meylliyik.

Müasirliyə gedən yolun diskoteka və videotekadan, hətta internet klublarında keçdiyini düşünənlər səhv edirlər. Belə qüsurlu mövqeyin yayılması bizim ümumiyyətlə mədə-niyyət və müasirlik haqqında təsəvvürlərimizin məhdudluğu ilə əlaqədardır.

Bəziləri Avropa ilə bağlı olan hər şeyi mədəniyyət hesab edir, müasirliyi onunla ayaqlaşmaqda görürlər. Lakin bu zaman nədənsə Avropanın elmi, texnikası, maddi istehsal və xidmət mədəniyyəti yaddan çıxır, Avropam Avropa edən, onu irəlidə zənn etməyə vadar edən əsl cəhətlər unudulur, Qərbin tərəqqisində həqiqətən böyük rol oynamış olan, onun maddi mədəniyyətini tamamlayan mütərəqqi mənəvi mədəniyyət nümunələri yaddan çıxır və əksinə, Qərbin tənəzzülünə, süqutuna, mənəvi deqradasiyasına aparıb çıxara bilən, onun ilkin tərəqqi dövrünün ənənələrinə əsaslanmayan, yandançıxma (çox vaxt Afrikasayağı) "mədəniyyət" nümunələri, o cümlədən, bayağı rok, varyete, pornoqrafik musiqi lövhələri, gecə klubları, kazino, striptiz və s. "Avropa mədəniyyəti" kimi qəbul edilir.

Məhdud səviyyəli gənclərdə belə bir meyl təbiidir, lakin təəccüblü burasıdır ki, bəzən mətbuat və televiziya da onların "müdafiəsinə" qalxır, məktəblərimizdə diskotekaların azlığından, Amerika və Qərb cazmenlərinin həyat və fəaliyyətini öyrənmək zərurətindən, rok musiqisinin şəhərimizin kandarında qalmasından böyük qayğı və təlaşla danışılır, darvazaları gen açmaq tövsiyə edilir.

Qərbin tərəqqisinin əsil hərəkətverici qüvvələri, böyük elm korifeyləri, maarifçilər və filosoflar isə heç yada da düşmür. Nyutonların, Volterlərin, Bethovenlərin həyat və yaradıcılığından söhbət açmaq unudulur, onlar mətbuat və televiziyaya buraxılmır. Məgər müasir gəncliyin onlara mənəvi ehtiyacı yoxdurmu? Acınacaqlı haldır ki, gənclərimizin əksəriyyəti Maykl Cekson və Şvartsnegeri Rassel və Bordan daha yaxşı tanıyırlar. Bu, bizim kütləvi informasiya vasitələrinin Avropaya, Qərb mədəniyyətinə birtərəfli münasibətinin nəticəsidir.

Təsadüfi deyildir ki, hələ XX əsrin əvvəllərində – Bakıda kapitalizmin meydana gəldiyi ilk dövrlərdə Qərb sivilizasiyasına, Avropaya seçkili münasibətin zəruriliyini dərk edən H.Cavid yazırdı:

Yurdumuzu sardıqca

Düşkün Paris modası,

Hər kəsə örnək oldu

Sərsəm firəng ədası.

 

Müasir Qərb dünyası daxilən ziddiyyətli olduğundan və rasional düşüncəni mütləqləşdirdiyindən onun birtərəfli tərəqqisi labüd surətdə mənəvi deqradasiyaya gətirir. Lakin Avropa böyük cidd-cəhdlə bu böhrandan xilas olmağa çalışır. Biz isə bəzən onu tərəqqi etdirən amillərdən xəbərsiz halda, onun iflas məqammı Qərb sivilizasiyası ilə qarışıq salır, Qərbin xilas olmaq istədiyi və məmnuniyyətlə bizə ixrac etdiyi bayağı mədəniyyətdən ikiəlli yapışaraq "müasir" olmağa çalışırıq. İstisinə isinmədiyimiz bir şeyin tüstüsünü bəh-bəhlə qəbul edirik.

Şərq təfəkkür tərzini atıb Qərb təfəkkür tərzindən yapışmaq (yeri gəlmişkən, təfəkkür tərzi uzun müddətə formalaşır və onun dəyişilməsi də çox mürəkkəb və uzun prosesdir) nə deməkdir? Əsas məqsəd hər hansı təfəkkür tərzinin zəif cəhətlərindən, birtərəfliyindən azad olmaq deyilmi?

Məsələ burasındadır ki, müasir dövrdə Şərq və Qərbin qarşılaşdırılması, onların fikir tərzində olan özünəməxsusluğun mütləqləşdirilməsi və yalnız bu və ya digər tərəfə üstünlük verilməsi heç bir müsbət nəticəyə gətirə bilməz. Müasir təfəkkür hətta müxtəlif sivilizasiyaların bir-birindən köklü surətdə fərqli olan düşüncə tərzlərini "barışdırmağı", onların mütərəqqi cəhətlərini birləşdirməyi nəzərdə tutur. Son zamanlar hamım heyrətləndirən "Yaponiya müəmmasının" açarmı da məhz Şərq və Qərb təfəkkür tərzlərinin uğurlu vəhdətində, başqa sözlə, Şərqə məxsus yüksək mənəvi potensialın Qərbə məxsus rasional düşüncə mədəniyyəti ilə birləşdirilməsində axtarmaq lazımdır.

Şərq və Qərb mədəniyyətlərinin və müvafiq təfəkkür tərzlərinin üstün cəhətlərinin aşkar edilməsi həm tarixi, həm də məntiqi planda xüsusi tədqiqat tələb edir. Müasir cəmiyyətşünaslığın vəzifələrindən biri də xalqımızın milli mədə-niyyətini və təfəkkür tərzini Şərq və Qərb mədəniyyətləri kontekstində araşdırmaqdan və onun inkişaf perspektivlərini müəyyənləşdirməkdən ibarətdir. Ciddi elmi tədqiqata əsaslanmayan qənaətlər, empirik müşahidədən çıxarılan nəticələr isə çox vaxt qüsurlu olur.

Məsələn, bəziləri belə hesab edirlər ki, düşüncəmizin ətalətliliyi, məsuliyyətsizlik, biganəlik, "əşi, nə olsun ki..." münasibəti, utancaqlıq və s. Şərq təfəkkürünün tərkib hissəsidir. Əlbəttə, məsuliyyətsizlik, biganəlik pis keyfiyyətdir. Lakin o yalnız Şərqin ənənəvi mənəviyyat tərzi kimi izah oluna bilməz, çünki daha çox dərəcədə sosial mühitlə, sahibkarlıq hissinin olmaması ilə bağlıdır. Bu isə sosializmdən miras qalmış bir keyfiyyətdir.

Utancaqlıq və ətalətli düşüncə kimi keyfiyyətləri isə ancaq qara rənglə çəkmək düzgün olmazdı. Utancaqlıq nədəsə bizə mane olur deyə, əsrlər boyu formalaşmış bu yüksək mənəvi keyfiyyətdən azadmı olmağa çalışmalıyıq? Əgər ali hisslər intellekti üstələyirsə, birincidən azad olmaq əvəzinə, ikincini inkişaf etdirmək barədə düşünməli deyilikmi? Elə yüksək intellektual səviyyəyə, praktik fəaliyyət və təfəkkür mədəniyyətinə yüksəlmək mümkün deyilmi ki, öz sözünü demək və haqqını müdafiə etmək işində abır, utancaqlıq, təvazökarlıq hüdudu daha mane ola bilməsin?

Hər hansı çəpəri, bəndi keçməyin üç yolu var: bəndin altından sürünüb keçmək, bəndi dağıdıb keçmək və nəhayət, bəndin üstündən keçmək. Birinci yol – alçalmaq, axırıncı – yüksəlmək tələb edir. Bəndin dağıdılması isə min illər ərzində yaradılmış bir abidənin, mənəvi meyarın aradan götürülməsidir ki, bu zaman ölçü itir, yüksəkliklə alçaqlıq eyniləşir.

Vaxtilə, burjua inqilabi aristokratiyanın böyük səylə əməl etdiyi adət-ənənələri, əxlaq və davranış qaydalarmı alt-üst etməklə intellektin əxlaqi meyar üzərində birtərəfli qələbəsini təmin etdi. Rasional düşüncə və işgüzarlıq təşəbbüslərinin qarşısını ala biləcək heç bir mənəvi məhdudiyyət saxlanmadı. Bir sahədəki ifratçılığın yerini başqa sahədəki ifratçılıq əvəz etdi. Əvvəl bir istiqamətdə pozulan müvazinət sonra başqa istiqamətdə pozulmuş oldu. Qərb intibahı şərqçilikdən qərbçiliyə keçid prosesində müvəqqəti müvazinət mərhələsi oldu. Lakin bu mərhələdə qərar tutmaq Avropaya müyəssər olmadı. Kəfkir ətaləti ilə o biri qütbə hərəkət etdi.

Mənəvi qadağanlar rasional fikir süzgəcindən keçirilərək hüquq qaydaları ilə məhdudlaşdırıldı. İntellekt isə yüyənsiz at kimi baş alıb elə uzaqlara getdi ki, insan tezliklə öz əməllərinin peşmançılığını çəkməyə başladı. Bioloji və sosial ekologiyaya mənəvi ekologiya problemləri də əlavə olundu.

Müvazinət pozulanda, insanın mənəvi həyatı daxili çarpışma və ziddiyyətlərdən məhrum olanda o, inkişaf impulsunu itirir, durğunluq vəziyyətinə düşür. Əksinə, mənəvi qadağanlarla rasional düşüncə və fəaliyyət, ətalət qüvvəsi ilə hərəkətverici qüvvə bir-birinə tən gələndə insanın birtərəfli inkişafına, mənəvi deformasiyasına yol verilmir.

İnsan təbii ki, həmişə yeniliyə can atır. Lakin hər bir yeniliyə qarşı daxili müqavimət hissi də olmalıdır. Bu hiss həddindən artıq olanda durğunluq, zəif olanda – özbaşınalıq, anarxiya yaranır.

Şərq təfəkküründə ənənəçilik çox güclüdür. O hər cür yenilikçi fəaliyyət qarşısında böyük sədlər çəkir. Şərqə məxsus ətalət də buradan yaranır. Lakin bu ətalətə qeyd-şərtsiz pis hadisə kimi, geriliyimizin səbəbi kimi qiymət vermək dayazlıqdır, metafizik yaxınlaşmadır. Ətalət həm də vəznin ağırlığı deməkdir ("ağır otur, batman gəl"). Əlbəttə, fizikadan məlum olan "ətalət-kütlə ölçüsüdür" fikrini kor-koranə surətdə sosial-mənəvi həyata aid etmək düzgün olmazdı. Lakin buradakı açıq-aşkar uyğunluğu da inkar etmək mümkün deyil. Şərqdə fikir sahəsində, mənəvi sferada dəyişkənlik, mütəhərriklik "yüngüllük" kimi – mənfi mənada; sabitlik, ətalətlilik isə ağırlıq kimi – müsbət mənada qiymətləndirilir.

Bu, doğrudur ki, insanı insan edən məhz mənəvi qadağanlar, əxlaqi sədlərdir, nəfsi buxovlayan ətalət qüvvəsidir. Lakin bu sədlər özü də hər bir inkişaf mərhələsində ağıl süzgəcindən keçməli, bir növ filtr – təmizləyici rolunu oynamalıdır.

Şərqi geri qoyan ətalət qüvvəsinin böyüklüyü yox, hərəkətverici qüvvənin kiçikliyidir; mənəvi sədlərin yüksəkliyi yox, intellektual cəhdlərin zəifliyidir.

Qərb dünyası intellektual yüksəliş yürüşündə mənəvi sədləri dağıtdı. Yaponiya intellekti mənəvi sədlə həmahəng surətdə inkişaf etdirərək onun üzərindən keçməyə müvəffəq oldu. Biz isə elmi tərəqqi və intellektual inkişafın qayğısına qalmadığımızdan və yeganə böyük sərvətimiz olan mənəvi səddin üstündən keçə bilmədiyimizdən onun altından keçməyə çalışırıq.

Lakin görəsən bünövrəsi artıq oyul-maqda olan bu nəhəng səddin tarixin sınağına davam gətirəcəyinə ümid etmək olarmı?

Bizcə, neçə-neçə nəsillərdən bizə miras qalmış mənəvi sərvətlərin, adət-ənənələrin, dini-əxlaqi dəyərlərin intellektual inqilabın tufanlarından, dağıdıcı təsirlərindən qorunub saxlanması, "milli-mənəvi dəyərlərin ümumbəşəri dəyərlərlə birləşdirilməsi" üçüncü minilliyin astanasında Şərq xalqları qarşısında duran ən böyük tarixi vəzifədir.

İnsanın mənəvi ehtiyacları onun boya-başa çatdığı milli-mədəni mühitin spesifikası ilə müəyyən olunur. Ona görə də hər bir xalqın sosial-mənəvi mənşəyini, mədəniyyət tarixini öyrənmədən yeni nəslin nə kimi hisslərlə yaşadığım, onun mədəni tələbat meyllərini və estetik zövq oriyentasiyasını müəyyən etmək çox çətindir. Lakin təəssüf ki, əvvəlcə proletkultçuluğun təsiri ilə, sonra isə repressiya və yetkin sosializm illərində bizi öz mənəvi köklərimizlə bağlayan tellər zəifləmiş, milli mədəniyyət tarixinə maraq azalmışdı. Sosialist gerçəkliyinin milli özünüdərk və mədəni tərəqqi üçün yaratdığı şəraitdən tam şəkildə istifadə etmək imkanına biz yalnız müstəqilləşmə mərhələsində nail olmuşuq. Bu imkanı reallaşdırmaq isə hər xalqın özündən asılıdır.

Xüsusən Azərbaycan mədəniyyətinin müxtəlif tarixi dövrlərə bölünən zəngin və çoxsahəli keçmişinin öyrənilməsi ciddi çətinliklərlə bağlıdır və bu sahədə yalnız elm və sənət adamlarının birgə səyi nəticəsində nailiyyət əldə etmək mümkündür.

Azərbaycan mədəniyyəti müxtəlif dövrlərdə müxtəlif sivilizasiyaların nailiyyətlərindən bəhrələnmiş və eyni zamanda onların bəzilərinin beşiyi başında dayanmış elə mürəkkəb və zəngin bir fenomendir ki, onu bəsit, standart təfəkkürlə dərk etmək, mənimsəmək mümkün deyil.

Tarixi keçmişə etinasız və bəsit münasibətin nəticəsidir ki, müasir Azərbaycan bədii təfəkkürünün qaynaqlarını təşkil edən və özünəməxsus ənənələrə malik olan milli əfsanə və əsatirlər, şifahi xalq yaradıcılığının istər xarici təsirlər üzündən yarı yolda qalan, istərsə bu gün də yaşamaqda davam edən müxtəlif qolları, əsrlər boyu xalqımızın mədəni-mənəvi sərvətlərinin daşıyıcısı, qoruyucusu və ötürücüsü rolunu oynamış əvəzsiz ozan sənəti, Zərdüştilik fəlsəfəsindən miras qalmış düşüncə tərzi və adət-ənənələr, Alban dövləti dövründə xristianlığın təsiri ilə formalaşmış sənət nümunələri və xüsusən yeni dövrə gəlib çatmış olan arxitektura abidələri və sənət yüklü arxeoloji tapıntılar, atəşpərəstliyin, xristianlığın və əcdadlarımızın etiqad bəslədiyi digər dinlərin öz yerini tədricən islama verdiyi keçid mərhələsində incəsənətdə baş verən təbəddülatlar və islamın təsiri ilə yeni keyfiyyət halına qədəm qoyan orta əsr sintetik Azərbaycan mədəniyyəti – bütün bunlar uzun müddət xüsusi tədqiqat obyektinə çevrilməmiş, müasir milli mədəniyyətimizin strukturunda hələ də nəzərə çarpacaq yer tutan qədim ünsürlərin mənşəyi və təkamül yolu layiqincə araşdırılmamışdır. Çarizm və daha sonra sovet dövründə heç bir əsas olmadan adət və ənənələrimizin, milli sənətimizin spesifik xüsusiyyətlərinin ancaq islamla bağlanması və islama bəslənilən qeyd-şərtsiz mənfi münasibətin az qala bütün məcburi keçmişimizə şamil edilməsi müasir milli mədəniyyətimizi öz tarixi kökləri ilə əlaqəni itirmək təhlükəsi qarşısında qoymuşdur.

İndi bizim qarşımızda bir tərəfdən milli köklərə, milli-mənəvi dəyərlərə qayıdış, digər tərəfdən də elmi-texniki inkişaf və informasiya cəmiyyətinin qoyduğu çağdaş tələblərə uyğunlaşmaq vəzifəsi durur. Hər bir şəxsin fərdi-mənəvi aləmində gedən proseslər də bütövlükdə millətin mənəvi həyatı ilə bağlı problemləri xatırladır. Karl Qustav Yunqun yazdığı kimi, «ayrıca insanın psixologiyası bütövlükdə millətin psixologiyasına uyğun gəlir». Daha sonra K.Yunq fərdlə toplum arasındakı münasibətdən çıxış edərək ictimai inkişafın mümkünlük şərtlərini də ayrı-ayrı insanların «norma»dan kənara çıxa bilməsi ilə müəyyənləşdirir.

K.Yunq yazır: «0 işi ki, millət görür, o işi hər bir insan da görür; və bir insan bu işi görürsə, deməli bütövlükdə millət də görür». Bu bir növ fərdlə millət arasında tarazlıq vəziyyətidir. Bu tarazlıq ancaq bir halda pozula bilər; ayrı-ayrı adamlar milli-mənəvi meyarlar sisteminə uyğun gəlməyən hərəkətlər etdikdə. Lakin bu uyğunsuzluq, bu kənara-çıxma iki istiqamətdə ola bilər. Kimsə millətin səviyyəsinə qalxa bilmir, yaxud kimsə orta milli səviyyədən yüksəyə qalxmaq və öz soydaşlarından indiyədək heç kimin görə bilmədiyi işlər görməklə milli inkişafa yeni impuls verir.

Burada biz ideologiya ilə tərbiyə arasında münasibətlə qarşılaşırıq. Tərbiyə fərdlərə yönəlmiş olur və hər bir fərdin mövcud mədəni-mənəvi dəyərlərə yiyələnməsinə çalışır. İdeologiya isə millət səviyyəsində olur və bütövlükdə ictimai inkişafın təmin olunması naminə bu dəyərlər sisteminin özünü nəzəri şəkildə formalaşdırır. Deməli, hər bir ölkədə tərbiyə prosesi milli ideologiya zəminində həyata keçirilməlidir. Bu baxımdan, pedaqoji proses və pedaqoji nəzəriyyə də tam müstəqil olmayıb, milli-fəlsəfi fikrin və ideologiyanın tələblərinə uyğun surətdə hər bir inkişaf mərhələsində yenidən qurulmalıdır.

Xülasə

Müasir dövrdə ən aktual problemlərdən biri milli özünütəcrid və qloballaşma kimi iki kənar hal arasında optimal nisbətin tapılmasıdır. Qloballaşma prosesi elm, texnika, texnologiya ilə – ümumbəşəri dəyərlərlə yanaşı milli kimliyi müəyyən edən mədəni-mənəvi amillərə də sirayət etməyə cəhd göstərir. Belə bir şəraitdə nələri qorumaq lazım olduğunu təyin etmək üçün, ilk növbədə meyarlar müəyyənləşməlidir.

Məqalədə göstərilir ki, "soy-kökə qayıdış" çağırışında qorxulu olan məqam ondan ibarətdir ki, biz keçmişimizdə olan istənilən keyfiyyəti milli invariant kimi və pozitiv cəhət kimi qəbul edə bilmərik. Həqiqi milli keyfiyyətlər milləti yaşadan, onu inkişaf etdirən keyfiyyətlərdir. Bu baxımdan, keçmişimizdən qalan, lakin tərəqqiyə deyil, tənəzzülə xidmət edən cəhətləri yaşatmaqdansa, onlardan xilas olmaq yolu tutulmalıdır. Lakin biz yenə də nəyin pozitiv, nəyin neqativ, yaxud nəyin həqiqi, nəyin saxta olduğunu aydınlaşdıra bilmək üçün keçmişdən daha çox bu günümüzə və gələcəyimizə, milli-mənəvi idealımıza xidmət etməliyik.

Şərq təfəkkür tərzi ilə Qərb təfəkkür tərzini müqayisəli təhlil edən müəllif qeyd edir ki, Şərq təfəkkür tərzini müasir dövrdə xalqımızın tərəqqisinə mane olan səbəb kimi qəbul etmək səhv olardı. Şərq təfəkkürünün müəyyən çatışmazlıqları varsa, bu onun üstün cəhətlərinə də neqativ planda baxmaq üçün əsas vermir. Digər tərəfdən də, ona qarşı qoyulan Qərb təfəkkür tərzi də özünəməxsus nöqsanlara malikdir.

Müasir Qərb dünyası daxilən ziddiyyətli olduğundan və rasional düşüncəni mütləqləşdirdiyindən onun birtərəfli tərəqqisi labüd surətdə mənəvi deqradasiyaya gətirir. Lakin Avropa böyük cidd-cəhdlə bu böhrandan xilas olmağa çalışır. Biz isə bəzən onu tərəqqi etdirən amillərdən xəbərsiz halda, onun iflas məqamını Qərb sivilizasiyası ilə qarışıq salır, Qərbin xilas olmaq istədiyi və məmnuniyyətlə bizə ixrac etdiyi bayağı mədəniyyətdən ikiəlli yapışaraq "müasir" olmağa çalışırıq.

Məqalədə göstərilir ki, müasir dövrdə Şərq və Qərbin qarşılaşdırılması, onların fikir tərzində olan özünəməxsusluğun mütləqləşdirilməsi və yalnız bu və ya digər tərəfə üstünlük verilməsi heç bir müsbət nəticəyə gətirə bilməz. Müasir təfəkkür hətta müxtəlif sivilizasiyaların bir-birindən köklü surətdə fərqli olan düşüncə tərzlərini "barışdırmağı", onların mütərəqqi cəhətlərini birləşdirməyi nəzərdə tutur.




Доска объявлений

Группа для детей

Объявляется набор в психокоррекционную группу для детей подросткового возраста (13-16 лет). Количество участников - 12 человек. Занятия начнутся при комплектации группы, и будут проходить один раз в неделю с продолжительностью около 5 часов.

Тренинг личностного роста

Объявляется набор в группы личностного роста. Одна группа – для молодежи (возраст от 18 до 30 лет), другая группа – для людей зрелого возраста (от 30 до 50). Максимальное количество участников в каждой группе – 12 человек.

Для записи вам необходимо послать нам e-mail, указав имя, возраст и образование.

 

Полный психологический портрет личности

— интеллектуальный потенциал,
— стиль мышления,
— степень информационной открытости,
— творческий потенциал,
— черты характера,
— психологический тип,
— особенности нервной системы,
— уровень адаптивности,
— профессиональные ориентиры,
— формы психологической защиты,
— и многое другое
Для записи пошлите нам e-mail с вашими контактными телефонами.



Талантам надо помогать...

Философ, нашедший себя в полиграфии


Александр Воловик — художник и фото-журналист


Поэзия Саиды Салаевой



 

© Света Меджидова, 2007-2013

e-mail: psy6957@mail.ru

телефон: (+994 12)538 88 95 , (+994 12) 510 85 24, (+994 12) 493-68-41, (+994 50) 442 17 08