Azərbaycanca На главную контакты    бизнесменам спортсменам психологам родителям абитуриентам студентам    

 

 

Советуем прочесть



Советы психолога


Советы для худеющих

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player


Советы для вступающих в брак Советы для вступающих в брак



Психологи шутят

MasterGroup



 

Bakililar.az

 

 

 

 

Təsəvvüf dünyagörüşündə Fəridəddin Əttarın yeri və onun “Bu da keçər” məsnəvisinə nəzər

 

Rəsul Mirhəşimli, Müstəqil araşdırmaçı

resul-m@mail.az

 

Poetik ifadə və mistik duyğular bir-birindən kəskin şəkildə fərqlidir. Birincisi özünü ifadə və özünü təsdiqi bədii təsvir və bədii ifadə vasitələriylə ortaya qoymaqdırsa, mistik duyğu insanın içindəki «mən»ini Həqiqətin nurunda yox etmək və bu nura qarışmaqdır. Haqqında danışacağımız bu dünyagörüşün adı təsəvvüfdür. Təsəvvüfün təşəkkülü və inkişafı tarixinin təhlilinə geniş yer ayırmadan Şərq mədəniyyətinin mühüm hissəsini təşkil edən sufi ədəbiyyatı üzərində dayanacağıq. Lakin öncə bu tarixi zəruri edən bəzi amilləri sadalamaq lazım gəlir.

Sufiliyin yaranmasını zəruri edən amilləri araşdıran alimlərin böyük əksəriyyəti bu səbəbi Raşidi xəlifələrin (Həzrəti Peyğəmbərdən (s) sonra xilafətə başçılıq etmiş ilk dörd xəlifə belə adlanır. «Böyük xəlifələr» anlamına gələn bu ifadə Həzrəti Əbubəkir, Həzrəti Ömər, Həzrəti Osman və Həzrəti Əlinin (ə) adı ilə bağlıdır - R.M.) hakimiyyətindən sonra xilafəti zorla ələ almış Əməvi sülaləsinin həyata keçirdiyi kütləvi zülmkarlıq, ədalətsiz və haqsızlıqla əlaqələndirirlər. Bu fikrin üzərində daha geniş araşdırmalar aparan Y.Bertels bu iddianın üzərində daha israrla dayanır. “Ümeydə oğulları hakimiyyətə gələndə ilk növbədə peyğəmbər pvladlarına qarşı mübarizəni daxili siyasətin priorietetinə çevirdi”.* (E.G.Bertels. Sufizm i sufiyskaya literatura. Moskva, «Nauka», 1965.) Əməvilər sülaləsinin daşıyıcıları olan Ümeydə oğulları tayfanın iman üzərində başlatdığı savaşın öndərləri kimi tanınır. Ümeydə oğullarının Peyğəmbər (s) nəslinə qarşı apardığı ən qəddar mübarizə Kərbəlada baş verdi. Bu qanlı hadisə ilə Peyğəmbərin (s) sevimli nəvəsi İmam Hüseyn (ə) əqidə dostları və övladları ilə birlikdə şəhid oldu. Lakin bu hadisələrə qədər təsəvvüf bir məktəb olaraq hələ yaranmamışdı. Sufilik cərəyanını araşdıran türkiyəli alim Əbdülbaqi Gölpınarlı təsəvvüfün məktəb kimi ortaya çıxdığı dövr kimi səkkizinci əsri göstərir.* (A.Gölpınarlı. Yüz soruda tasavvüf. İstanbul, 1969)

Əməvi sülaləsinin zor mexanizminə etiraz edən mühəddislərdən (hədis söyləyənlər- R.M.) başlayan bu hərəkat daha sonra orta əsrlərdə ilkin sufi məktəblərinin yaranması ilə nəticələndi. Əməvi zülmündən baş götürüb səhralara üz tutanlara tərki-dünya adını verdilər. Onu da qeyd edək ki, tərki-dünyalıq istilahına münasibətdə araşdırıcıların nəzəri dünyagörüşündə fikir ayrılıqları mövcuddur. Sufilərin tərki-dünyalığının Qərb fəlsəfəsinin görkəmli nümayəndəsi alman filosofu İ.Kantın Transendentalizmi ilə oxşar olduğu nəzəriyyəsini irəli sürən alimlər də var. Bu nəzəriyyənin daha doğru olduğunu sufiliyin qaynağının İslam dini olması ilə sübuta yetirmək mümkündür. Sufilərin bu həyat tərzini Məhəmməd Peyğəmbərin (s) risalətdən əvvəl Hira mağarasında inzivaya (xəlvətə) çəkilməsinin təqlidi kimi qiymətləndirirlər.

Orta əsrlərdə Şərqdə insanların həyat tərzinə çevrilən İslam dininin qaynaq olduğu təsəvvüf, ədəbiyyatın da inkişafına təkan verdi. Bu çağlardan başlayaraq sufi ədəbiyyatının görkəmli nümayəndələri yetişməyə başladı. Dərvişlik rəmzləri və sufi simvolları ilə poetik nümunələr yaradan şairlərin sırası getdikcə genişlənməyə başladı. Onu da qeyd edək ki, hürufilik cərəyanın əsas mahiyyətini hərf və rəqəmlərin fəlsəfəsi təşkil edir. “Hürufiliyə görə, ərəb əlifbasının 28 hərfi hər biri müəyyən mənanı ifadə edir, rəqəmlərin isə öz fəlsəfi yükü var.* (A.Gölpınarlı, Yüz soruda Türkiyədə tarikatlar. İstanbul.)

Azərbaycan ədəbiyyatı öz məşhur şairləri hesabına dünya poeziyasında önəmli yer tutdu. Azərbaycan ədəbiyyatşünaslığı həmin mütəfəkkirləri yetərincə təhlil etdiyindən onların üzərində dayanmaq istəmədik.

Sufi poeziyasında mühüm əhəmiyyət kəsb edən dərvişlik rəmzləri və simvolları bu tipli əsərlərdə mənanın birbaşa anlamla açıqlanmaması üçün şairin seçdiyi priyom və təsvir vasitəsi də sayıla bilər. Təsəvvüf istilahları və sufi rəmzləri qaynağına və məzmun tutumuna görə dini anlamların sufi yozumu sayılır. Bu yozumların əsas qaynağı Qurani-Kərim, hikmət, kəlam, hədis, təfsir, fiqh və başqa islam elmləridir.

Yaradıcılığı sufi simvolları və dərvişlik rəmzləri ilə zəngin olan sufi şairlərdən biri də Fəridəddin Əttardır. Qərb dünyasının Şərqin sufi şairləri arasında Mövlana Cəlaləddin Rumidən sonra daha çox tanıdığı və araşdırdığı Əttar mühüm yer tutur. Sual oluna bilər ki, Rumidən daha əvvəl Şərqdə məşhur olan Əttarı nədən Mövlana qədər tanımayıblar? Bunun əsas səbəblərindən biri alman mütəfəkkirləri Hegel və Hötenin Cəlaləddin Rumini dünyaya tanıtması ilə əlaqədar da ola bilər.

Cəlaləddin Ruminin sufilik dünyagörüşünün formalaşmasında Bəlxdən uzaqlaşarkən Nişapurda Əttarla görüşməsi əsas stimul olur. Bu görüşdə Əttar Ruminin təsəvvüfdə parlaq sima olacağını onun atasına söyləmiş, gənc Cəlaləddinə öz əsəri olan «Əsrarnamə»ni hədiyyə etmişdir.* (Mehmet Tahir (Bursalı). Osmanlı müellifleri, Hazırlayan Fikri Yavuz-İ. Özen, İstanbul, 1975)

Fəridəddin Əttar 1136-cı ildə Nişapurda anadan olub. Onu da qeyd edək ki, Əttarın anadan olduğu tarixlə bağlı tədqiqatçılar yekdil rəyə gələ bilməyiblər. A.Knış bu tarixi 1119,* (A.D,Knış. Musulmanskiy mistisizm. Moskva-Sankt-Peterburq, «Dilə», 2004), Y.Bertelts isə 1150-ci il olaraq göstərirlər* (E.G.Bertels. Sufizm i sufiyskaə literatura. Moskva, «Nauka», 1965.). Fəridəddinin Əttar təxəllüsü alması onun atasından qalma əzcazçı dükannıda əttarlıq etməsi ilə bağlıdır. Bu dahi sufi şairin həyatı olduqca faciəli şəkildə başa çatıb. Rəvayətə görə, Əttarı bir monqol əsgəri faciəli şəkildə qətlə yetirib.

Əttarın yaradıcılığı olduqca zəngin olub. Şairin 140-dan artıq əsəri günümüzə qədər gəlib çıxıb. Lakin əsərlərinin heç birində şair özü haqqında avtobioqrafiq məlumat vermədiyndən onun həyatı barədə olduqca fərqli məlumatlar ortaya atılır. Əttar heç zaman özünü şair saymayıb. “Alçaq könüllülüyü izn vermədiyi üçün Əttar heç zaman özünü şair saymayıb. Lakin şeirlərində maddi aləmə istinad etmədiyi Əttarın dediklərinin əksini aşkara çıxarır.”* (İzzeddin Mete, Kainat ve tarihin felsefesi. Türkiye, Basımevi, 1966) Əttarın əsrlərinin sayı barədə məlumatlar da ziddiyətlidir. Bəziləri onun Qurani-Kərimdəki surələrin sayına uyğun – 114 əsər yazdığını qeyd edir.

Şairin ən məşhur əsərləri içərisində «Məntüqüt-teyr» xüsusi yer tutur. «Quşların dili» və yaxud «Uçmağın məntiqi» kimi tərcümə edilən bu əsər alleqorik səpkidə yazılmış, dərin mistik ideya-məzmun kəsb edən epik məsnəvidir. Bu əsər bir çox Şərq şairlərinin yaradıcılığına güclü təsir edib. Böyük türk-özbək şairi Əlişir Nəvai bu əsərdən təsirlənərək «Lisanüt-teyr» əsərini yazıb.

«Məntiqüt-teyr» əsəri 4400 beytdən artıq olan bir məsənvidir. Əttar bu sufi nümunəsi vasitəsiylə təsəvvüfün Vəhdəti-vücud nəzəriyyəsini irəli sürür. (Rəsul Mirhəşimli, «Allah dostları», Bakı, «Qanun»- 2005).

Əttarın digər əsəri «İlahinamə»dir. 6500 beytlik məsnəvisini sonuncu dəfə Əbdülbaqi Gölpinarlı türk dilinə çevirmişdir.

«Əsrarnamə» isə ilk təsəvvüf məsnəvisi kimi 26 fəsli əhatə edir. Əsər ilk dəfə XV əsrdə türk dilinə tərcümə edilmişdir. «Əsrarnamə» Əttar yaradıcılığında aydın süjet xətti ilə seçilir. Şair bu əsər vasitəsilə göstərmək istəyir ki, zahiri bər-bəzəyin parlaqlığı insan qəlbini hörümçək toru kimi hörür. Beləliklə, kamil yaradılış olan insan, nəfsinin quluna çevrilir. Nəfsinin quluna dönən isə ilahi məqamda yerini itirir və heyvanın səviyyəsinə enir.

«Pəncnamə» uşaqlara öyüdlər məzmununda yazılmış şer nümunəsidir. Dərvişlərə tez-tez müraciət edilən bu əsərin Əttara aid olmasına şübhə edən alimlər də var. Bu ehtimalı irəli sürənlər əsərdə adı çəkilən hadisələrin Əttarın yaşadığı dövrlə deyil, XIII-XV yüzillər arasında islam dünyasındakı gerçəkliklərdən bəhs etdiyini söyləyirlər. Bu səbəbdən araşdırmaçılar bu nümunənin şairə aid olması ehtimalını rədd edirlər.

«Müsibətnamə» qırx bölümlük bir əsərdir. Əsərdə Əttarın təsəvvüflə bağlı görüşləri öz əksini tapıb. «Müsibətnamə»də Həqiqəti tapmaq üçün yola çıxmış Salikin keçdiyi sınaqlardan və bu yolda öz Pirinin müridinə tövsiyələrindən söz açılır. Bu tövsiyələrə əməl edən Salik Həzrəti Cəbrail və başqa mələklərlə görüşür, Lövhi-məhfuzda ilahi Qələmlə yazılmış, dünya yaranandan Qiyamət gününədək olacaq sirlərdən xəbərdar olur.

«İlahinamə»sində Əttar hökmdar olan atanın altı oğlunu sınaqdan keçirdiyini və bu sınaqların müqabilində övladlarının arzularını necə yerinə yetirdiyindən söz açır. Əttarın bu əsəri «Məntüqüt-teyr» kimi simvolizə olunmuş həqiqətləri özündə əks etdirir. «Məntüqüt-teyr»də olduğu kimi bu əsərdə də Həqiqətə yetmək üçün yeddi mərhələnin hansı yollarla keçilməsinin variantları sadalanır.

«Xosrovnamə» əsərinin isə təsəvvüflə əlaqəsi olduqca azdır. Əttar bu əsəri vasitəsilə bir eşq hekayəsini nəql edir. Əsər məsnəvi şer şəklində yazılıb.

«Muxtarnamə»də isə Əttarın rübailəri toplanıb.

«Uşturnamə»sində isə Əttar ayrı-ayrı mistiklərdən misallar gətirilməklə dəyərli təsəvvüf nümunəsi yaradıb. Əsərdə Mənsur Həllacın faciəvi həyatı da ayrı-ayrı hekayətlər vasitəsilə təsvir edilir. Şair ilahi həqiqətlərin insan axtarışları nəticəsində ilahi məqama necə yetişdiyini izah edir.

Əttarın əsərləri içərisində mükəmməlliyi ilə seçilənlərdən biri də «Təzkirətül-övliya»dır. Əsərdə böyük sufi şeyxləri və övliyalar barədə məlumatlar toplanıb. Həmin şəxsiyyətlərin həyatından bəzi məqamlardan söz açılır və onların qiymətli kəlamları söylənilir. Əsər İmam Cəfəri Sadiqlə (ə) başlayıb, Əbüfəzl Həsən Səraksi haqqında məlumatlarla başa çatır.

Bu əsərlərdən başqa Əttarın yazdığı «Cövhər əz-zat», «Məzhər əl-əcaib» və Divanı da mövcuddur.

Əttarın «Bu da keçər» və yaxud «Şakirin hekayəti» kimi tanınan məsnəvisi şairin Divanındandır. Lakin bu hekayənin «Məntiqüt-teyr» əsərindən olduğu fikri hekayənin həmin əsərlə bir yerdə çap olunması ilə bağlıdır. M.Bayat və Ə.Jamniyanın Tehranda çap etdirdiyi «Hekayəti əz diyari sufian» adlı kitabda bir çox mütəsəvvüflərdən söz açılır.* (M.Bayat və Ə.Jamniya «Hekayəti əz diyari sufian», Tehran, 2002) Əttarın «Məntiqüt-teyr» əsəri alleqorik səpkidə yazılıb, quşların Simurğu aramasından bəhs edir. «Bu da keçər» hekayəsi isə birbaşa insan həyatının bəzi məqamlarını izah edir. Böyük ehtimalla onu demək mümkündür ki, bu hekayə şairin Divanından götürülüb. Yeri gəlmişkən onu da qeyd edək ki, iranlı müəlliflər yuxarıda adı çəkilən kitabda yenə ideoloji-siyası münasibətlərini ortaya qoyublar. Belə ki, öz sələflərinin «ənənəsini» davam etdirən M.Bayat və Ə.Jamniya da məqsədli şəkildə Azərbaycanın böyük şairi, Şərqin görkəmli mütəfəkkiri Nizami Gəncəvini iranlı fars şairi təqdim edirlər.

Əsəri təhlil etməzdən öncə onun qısa məzmunun oxucuların diqqətinə təqdim edirik.

“Qədim zamanlarda Qumlu Təpələr deyilən quraq təbiəti və qızmar havası olan bir kənd vardı. Bir-iki quru ağacdan və yulğundan başqa bu kənddə yaşıllıq adında bir şey yox idi. Ağır iqlimi olan bu kənddə insanlar həyatını birtəhər keçirmək üçün sığır saxlamaqla məşğul idilər. Torpağın quraqlığı insanlara əkin-biçinlə məşğul olmağa imkan vermirdi.

Günlərin birində dərvişlərdən biri uzun və yorucu çölü keçdikdən sonra bu kəndə yetişir. Kəndin aralığında dolaşarkən təsadüfən gördüyü bir nəfərdən qarnını doyuracaq bir şey tapa biləcəyi və gecəni keçirəcəyi bir yerin olub-olmadığını soruşur. Adam kənddə belə bir yerin olmadığını söyləyir. Lakin Dərvişi bir gecə qonaq saxlaya biləcək bir nəfərdən söz açır. «Şükr edən» anlamına gələn Şakir adında bir adamın evini nişan verir. Dərviş adamın nişan verdiyi evə tərəf gedərkən bir dəstə adamla qarşılaşır və Şakirin ünvanını təkrar xəbər alır. Dəstədəki adamlardan biri Şakirin qonşu kənddəki Həddadın sığırlarından daha artıq, mindən çox sığırının olduğunu deyincə, dərviş Şakirin bölgənin ən zəngin insan olduğunu anlayır. Bir az gedəndən sonra dərviş Şakirin malikanəsinə yetişir. Evin qapısı önündə durub baxanda görür ki, bu var-dövlətdən heyranlıq duymamaq mümkün deyildir. Şakir isə son dərəcə alicənab, qonaqpərvər bir insandır. Şakirin xanımı və qızı da ailənin sahibi kimi qonaqpərvərlik göstərir və qonaqlarnın rahatlığı üçün əllərindən gələn hər şeyi edirlər. Gecəni keçirib sabahısı evdən ayrılmaq istəyən Dərvişə bir neçə gün də qalmağa israr edir, lakin Dərviş bu təklifi qəbul etməyincə yoluna azuqə hazırlamışdılar.

Dərviş çölə dönüb yoluna davam edərkən bütün yolçuluğu boyu Şakirin söylədiyi bir söz qətiyyən ağlından çıxmırdı. Dərviş Şakirlə vidalaşarkən, «belə zəngin olduğun üçün Allaha şükürlər olsun» deyəndə, Şakir, «sən görünüşə aldanma, bu da keçər», - deyə, cavab vermişdi. Lakin Dərviş Şakirin bu sözlərlə nə demək istədiyini anlaya bilməmişdi. Daha sonralar dərviş təsəvvüfdəki yolunu kamilləşdirəndə dərk eləmişdi ki, gördüyü hər şeydə bir hikmət, bir dərs vardır. Başına gələn ən kiçik şey belə onun beynini dərindən məşğul edirdi. Beləcə, Şakririn bu sözləri də onun zehnini bu səbəbdən məşğul edir və Dərviş onun sözlərindəki hikməti tam olaraq anlamadığın düşünürdü.

İbadət etmək və bir az düşünə bilmək üçün bir ağacın kölgəsində oturmuşdu ki, ağlına təsəvvüfdə öyrəndiyi bir şey gəldi. Əgər səssiz qalıb nəticəyə yetmək üçün tələsməzsə, gec-tez bir cavab bula biləcəkdi. Bu səbəblə zehninin qapısını bu qayğılara qapadıb ruhunu dərin bir sükuta buraxdı. Beləcə tam beş il boyunca fərqli yerlərə etdiyi səyahətlər nəticəsində müxtəlif insanları tanıdı və xeyli təcrübə qazandı. Eyni zamanda, eynən təsəvvüfün lazım bildiyi sükutunu mühafizə etdi və qəlbinin səsinə qulaq verdi.

Günün birndə Dərvişin yolu yenidən Qumlu Təpələrdəki həmin o kəndə düşür. Dərviş bu dəfə öyrənir ki, dostu Şakir qonşu kənddəki Həddadın qapısında qulluq edir. Bu xəbərdən çaşqın hala düşən Dərviş Şakiri yenidən görmək sevinci ilə o kəndə getməyə qərar verir. Kəndə yetişəndə Şakir yenə onu eyni sevgiylə qarışlayır. Şakiri olduqca yaşlanmış və əynindəki yırtıq-sökük paltarı ilə görəndə Dərviş təəccüb edir. Heyrət içində nələr olduğunu öyrənmək istəyir. Şakirdən öyrənir ki, üç il öncə hər tərəfi sel basır. Şakirin də sığırları və evi azğın selin qurbanı olur. Bu seldən sağ qurtaran Həddad indi bölgənin ən zənginiydi və başqa əlacı qalmayan Şakir də ailəsi ilə birlikdə onun xidmətində çalışırdı.

Başlarına gələn bu qədər olmuşlara rəğmən dəyişməyən tək şey Şakir və ailəsinin qonaqpərvərlyi idi. Dərvişi bir neçə gün evində qonaq saxlamış, ayrılanda heybəsinə bir neçə günün azuqəsini yığmışdılar.

Dərviş dostu ilə vidalaşarkən onun və ailəsinin başına gələnlərdən üzgün olduğunu, fəqət bütün bunlarda Allahın bir hikməti olduğunu düşündüyünü söylədikdə, Şakir «Unutma, bu da keçər», - deyə ona təsəlli vermişdi.

Dərviş yola düşür, amma yenə Şakirin bu son sözü onun ağılndan çıxmırdı: «Görəsən, bu sözlərlə nə demək istəyir Şakir?»

Gördükləri bir az öncə buralara səfərində təsdiqini tapmışdı. Bəs, indi? Belə bir vəziyyətdə necə nikbin qalmaq olarmış. Beləcə, Dərviş onun qəlbini parçalayan suallara cavab tapa bilmədən yoluna davam edir və hər şeyi zamanın öhdəsinə buraxır.

Yenə aylar keçir, dərviş hələ də yolçuluğuna davam edir. Qəribədir ki, bu yolçuluğunda yenə yolu Şakirin yaşadığı kənddən düşür. Bu səfər aradan yeddi il keçmiş və bu zaman içərisində Şakir əvvəlki zənginliyinə qovuşmuşdu. Artıq kiçik bir daxmada deyil, çox təmtəraqlı evdə yaşayırdı. Bundan bir neçə il əvvəl Həddad ölmüş və heç kimi olmadığı üçün bütün var-dövlətini Şakirə vəsiyyət etmişdi. Bu ziyarətdən sonra dərvişin niyyəti Məkkəyə- həcc ziyarətinə getmək idi. Bu niyyət ariflər arasındakı ənənədir. Bu dəfə də Şakir ilə dərviş danışarkən yenə əvvəlki halı dəyişməmişdi. «Bu da keçər».

Həccdən qayıtdıqdan sonra dərviş Hindistana gedir və ordan da vətəninə dönür. Bu dəfə də yenə daha nələrin olduğunu öyrənmək üçün yenidən Şakirin ziyarətinə getməyi qərara alır. Qumlu Təpələrə çatanda Şakirin kəndçilərindən onun harada olduğunu soruşduqda, Dərvişə üzərində «Bu da keçər» sözləri yazılmış sadə bir məzar göstərirlər. Dərviş bu dəfə əvvəlkilərdən də çaşqındır. «Zənginlik gəlir-keçər, lakin bir məzar, ölüm necə dəyişə bilər ki?», deyə düşünür qəlbində…

Bu andan etibarən Dərviş Şakirin qəbrini hər il ziyarət etməyə və orada bir müddət düşüncələr içərində vaxtını keçirməyə qərar verir. İlk ziyarətində qəbirstanlığı sel basdığını və təbii ki, Şakirn də məzarının bu sellə axıb getdiyini görür. Artıq Dərviş həyat dərslərini öyrəndiyi dostunun məzarından da məhrum olmuşdu. Xarabaya dönmüş məzarlıqda gözlərini torpağa dikib bir neçə saat düşüncələrə dalır. Sonra başını göyə qadlırıb səsizcə mızıldanır. «Bu da keçər.»

Aradan illər keçmiş, artıq dərviş çox yaşlanmışdı. Ömrünün qalan qismini bir yerə sığınıb, sükut içərisində keçirməyə qərar vermişdi. Bir müddət də keçmiş Dərvişin mürşidlik sorağı ətrafa yayılmış və yanına təcrübə öyrənmək istəyən müridlər toplanmışdı.

O günlərdə ölkənin hökmdarı özünə layiq olan bir üzük düzəltdirməyi əmr edir. Üzük elə gözəl olmalı idi ki, ümidsiz olanda onun ümidini artırmalı, sevincli olanda isə ona hüzn gətirməliydi. Ölkənin bütün tanınmış adamları yığışmış, hərəsi bir kəlmə demiş, ətrafa adam salıb qiymətli kəlamları toplamışlar, yenə padşahı razı sala bilməmişlər. Padşahın vəziri həmin o mürşidin adına məktub yazır və onu bu müşkülü çözmək üçün saraya dəvət edir. Bu yardım dəvətinə Dərviş evindən ayrılmadan məktubla çavab verir.

Bir neçə gün sonra Padşaha zümrüddən hazırlanmış qiymətli bir üzük təqdim edilir. Neçə gündən bəri ümidsizliyə düçar olmuş Padşah üzüyü alır və könülsüzcə barmağına taxır. İlk dəfə üzüyü görəndə keçirdiyi ümidsizliyin yenə təkrarlanacağını duyub qəlbi sıxılır. Lakin birdən xəfifcəsinə gülümsəməyə başlayır hökmdar. Bu gülüş birdən qəhqəyə çevrilir və sarayı başına götütür. Sultanı ürəkdən gülməyə məcbur edən üzüyün üzərindəki bu yazı idi. «Bu da keçər!»”

Əttar «Bu da keçər» hekayəsi ilə ilahi məqama yetməyin simvolizə olunmuş nümunəsini qələmə alır. Şair digər əsərlərinin bir çoxunda olduğu kimi burda yolun yeddi mərtəbəsinə işarə edir.

Fəridəddin Əttarın «Bu da keçər» əsərinə diqqət etdikdə Həqiqətə yetişməyin ənənəvi mərhələsi – Şəriət, Təriqət və Mərifət qabarıq şəkildə görünmür. Əttar ədəbi yaradıcılığında bir qədər başqa təzahürləri ön plana çəkir. Yuxarıdakı təsnifat Əbu Hamid Qəzaliyə məxsusdur. Qəzali nə üçün Həqiqətə yetişməkdən ötrü üç mərhələdən keçməyi gərəkli sayır? Çünki Həqiqət bü mərhələlər içərisində mütləq olanıdır. Mütləqi anlamaq üçün mütləqdən başlamaq insana heç bir fayda verməz. Mütləqi dərk etmək üçün idrak acizdir. Əvvəlki üç mərhəldə olmaq Mütləqi dərk etmək üçün xilqəti dərk etməkdən başlamaq deməkdir. Əgər insan özünü tanımırsa, yaradılışının səbəbini anlamırsa, Həqiqətə yetişməkdən danışa bilməz. Lakin Əttar yaradıcılığı haqqında danışarkən bu təsnifatı bütövlükdə inkar etmək olmaz. Belə ki, bu əsərdə təriqətin – yəni yola girmənin əlamətlərini, mərifətin isə daha güclü şəkildə simvolizə olunduğunu görürük.

Əsərin girişində təsvir olunan mənzərə quraq və qızmar havası olan bir kənddir. Əttar bu mənzərini simvola döndərmiş başlanğıc olaraq sadəcə təsvir elementəlri yaratmaq istəmir. Dərvişlik rəmzləri sırasında Yoxluq kimi təsnif edilən bu mənzərə ilə Əttar sonrakı olacaqlara başlanğıc hazırlayır. Ancaq bu yoxluq əsərin sonrakı hissəsində Şakirin var-dövlətinin itirməsi ilə işarə edilən Fəna mərhələsi ilə eyni deyil. İlk mərhələ varlıq mərtəbələrinin heç birində varlığa sahib olmayan əşya, yəni sırf yoxluq mərhələsidir.

Şairin işarə elədiyi bu qızmar səhranı bir az sonra haqqında danışacağımız Eşq mərhələsi də adlandıra bilərik. Hekayədə günəşin səhranı yandırması Eşqin ürəkləri yandırması ilə məcaz olaraq eyniləşdirilməsi görünür. Bu atəş mahiyyətin dərk edilməsinin vasitəsidir. Gildən düzəldilən saxsı qabların atəşdə yandırılması onların qırılmaması üçündür. Atəşdə yandırmaq gilə həyat vermək deməkdir. Adəmin yaradılışında da bu anologiyanı görürük. İlahi ruhdan üfürüb, can verilmədən öncə o torpaq parçasından, gildən başqa bir şey deyil. Torpağın Adəm olmağının səbəbi Allahın ruhundan ona üfürməsi, mahiyyəti isə sevgidir, Eşqdir.

Əttarın yaradıcılığında simvolların bu qədər hakim kəsilməsinə səbəb nədir? Onsuz da poetik çalarlar vasitəsilə lirik obrazlar yaratmaq şer yaradıcılığında fəlsəfi yükü gərəkli edir. Ancaq bir çox məqamlarda fəlsəfə bu rəmzləri tam şəkildə qavramağa yardımçı ola bilmir. Qeyd edək ki, təsəvvüfün bəzi mövzuları fəlsəfənin sahəsinə daxil olmaqdadır. Lakin təsəvvüf bir fəlsəfi cərəyan deyil. Əslində təsəvvüf ağla deyil, ilhama dayanır. Ancaq bu, təsəvvüfün ağlı rədd etdiyi şəklində anlaşılmamalıdır. Təsəvvüf, ağlı yalnız maddi dünya üçün bir höccət (dəlil) olaraq istifadə edir. Amma metafizik aləmin dərk edilməsi üçün ağlın yetərsiz olduğu məlumdur. Metafizik və ya qeyb aləmi idrakın köməyi ilə dərk olunmadığından, ağıl bu sahədə hökm verə bilmir.

İnsan ağlı ilə dərk edə bilmədiyi şeyləri rədd edir. Bu o demək deyil ki, ağlın anlaya bilmədiyi şeylər onların mövcud olmaq anlamına gəlmir. Əgər ağıl hər şey üçün yetərli olsaydı, bütün filosoflar eyni şey haqqında yekdil fikrə gələr, anlaşa bilərdilər. Eyni mövzuda söylənmiş yüzlərlə fikrin hər biri məşhur filosoflara aiddir.

Təsəvvüf nəzəri bir elm deyil. Elə bu səbəbdəndir ki, təsəvvüfün nəzəri əsasları barədə yazılanlar bəzən öz zamanında, bəzən də bir qədər zaman keçdikdən sonra əhəmiyyətini itirir. Buna görə istənilən poetik əsəri təhlil edərkən onu təsəvvüf elementləri ilə zəngin və yaxud bu elementlərdən kənar mövzulara aid etmək çox zaman tənqid ilə qarşılanır. Mistik həyat daha çox praktikdir. Yəni bu həyatı yaşamadan onun haqqında müfəssəl məlumat vermək olduqca çətindir. Lakin bu nəzəriyyə barədə heç nə yazmaq olmaz anlamına da gəlinə bilməz. Məsələ burasındadır ki, ağıl fəlsəfi, mənəvi və idrak kateqoriyası kimi mövcuddur. Amma, ağlını mənə göstər, deyənə maddi olan nəyisə göstərmək mümkün deyil.

Təsəvvüf adlanan bu elmə qovuşmaq üçün bu yola girmək və nəfsi arındırmaq gərəkdir. Təsəvvüf ilə əldə edilən biliklərə şübhə qatılmaz. Çünki Allahdan ona verilən bir elmdən insan şübhəyə düşməz. Hərçənd tarixə nəzər saldıqda bəzən paradoksallıqla da rastlaşırıq. Qəzali və Haris əl-Mühasibi kimi insanları təsəvvüfə yönləndirən şey şübhədir. Qəzali, filosoflar kimi ağıl yolunu tutub, elmin qaynağını araşdırmışdır. Böyük mütəfəkkir idrakın köməyi ilə bu bilikləri əldə etməyə çalışmışdır. Sonda idrakın bu şeyləri dərk etməyəcəyi qənaətinə gəlmiş, özünü çarəsiz və yalnız hiss etdiyi vəziyyətə düşmüşdür. Qəzali bu vəziyyətdən təsəvvüf vasitəsilə çıxdığını yazır. Yəni təsəvvüfün şübhə ilə daban-dabana zidd olmasına rəğmən, onun başlanğıcında bir şübhə vardır.

İndi isə Əttarın «Bu da keçər» hekayəsində qəhrəmanın Şakir adlandırılmasının səbəbinə diqqət edək. Şair bu simvol vasitəsi ilə Qurani-Kərimdəki bəzi ayələrə işarə edir. Allah-təala Qurani-Kərimdə ayələrin birində buyurur: «Allah şükr edənləri mükafatlandıracaqdır» (Ali-İmran surəsi, 144). Əttar bu əsərdə Şakiri müxtəlif şəkillərdə, rəmzlərin dili ilə göstərir, Həqiqətə yetişmənin müəyyən məqamlarını sadalayır. Əttarı öz həmkarlarından fərqləndirən əsas cəhəti Həqiqətə çatmaq yolunda yeddi mərhələni açmaqdır. «Bu da keçər» hekayəsində də həmin mərhələlər müxtəlif zamanlarda özünü göstərir. Əttarın irəli sürdüyü bu mərhələlər aşağıdakılardar:


1. Eşq
2. Tələb
3. Mərifət
4. İstiğna
5. Tovhid (Vəhdət)
6. Heyrət
7. Fəna (Yoxluq, Heçlik)


Şakirin əsərdə müxtəlif vəziyyətlərə düşməsi – əvvəlci varlı, sonra yoxsul, yenə dövlətə qovuşması, sonda dünyadan köçmüş şəkildə təsvir olunması, Dərvişin bu maneələri dərk etməsindəki tərəddüdləri - Həqiqət yolundakı zülmət və nur pərdələridir. Bu nəzəriyyənin izahına böyük Azərbaycan mütəfəkkiri, işraqilik fəlsəfəsinin banisi Şihabəddin Sührəverdinin «Həyakil ən-nur» (Nur heykəlləri) əsərində rast gəlirik. Sührəverdi hesab edir ki, dərəcə-dərəcə yüksələn bir silsilədə hər pillə özündən sonrakına görə qaranlıq, özündən əvvəlkinə görə nurdur. Beləcə, varlıq mərtəbələrindən hər birinin qaranlıq və işıq olmaq baxımından ikili rolu vardır.

Əttar əsərində Mürşid Mürid münasibətlərinin bir qədər fərqli məziyyətlərini yaradır. Bu da şairin daha çox simvolların dili ilə danışması ilə bağlıdır. Biz əsərdə Dərvişin Şakirə, sadəcə, qonaq olduğunu görürük. Ənənəvi dərvişliyə görə, təkyədə təlim keçmənin əlamətləri hiss olunmur burada. Şakir saliki irşada yetirən Mürşiddir. Yəni Dərvişə öz həyat tərzi ilə elə dərs verir ki, onu əsərin sonunda bir hökmdarı sıxıntıdan qurtara biləcək məşhur şeyxə çevirir. Əttarın nə üçün bu rəmzlərdən istifadə etdiyini anlamaqdan ötrü mürid olmaq təsnifatına diqqət yetirmək lazımdır. Müridlər üç cür olur: Müridi-mütləq, müridi-məcazi və müridi-mürtəd. Dərvişlə Şakir münasibətləri Müridi-məcazi dərəcəsindədir. Dərviş Şakir yanında bir ömür təlim keçməmiş, yalnız bəzi müşahidələr onu heyrətə salmışdır. Hər mərhələdə Dərvişi təəccübləndirən Şakirin «bu da keçər» məntiqinə dayanmasıdır. Şakirin bu məntiqi isə yenə Qurani-Kərimdən qaynaqlanır. Allah-təala müqəddəs Kitabında buyurur: «Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insana gözəl göstərilmişdir. (Lakin bütün) bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır» (Ali-İmran surəsi, 14).

Dərvişin qızmar səhradan keçməsinə işarə ilə Əttar onun Eşq vadisinə yetişdiyini göstərir. Eşq sevginin ən yüksək və ifrat dərəcəsidir. Mahiyyəti ruhla bağlıdır. Yəni təlimlə bu mərhələyə yetmək mümkün deyil. Dərvişin qızmar, atəşin yandırdığı bu vadiyə qədəm qoyması ilə Tələb mərhələsi ortaya çıxır. Qəlbində ilahi eşqə qovuşmaq ehtiyacları yaranan Dərviş bu mərhələdə Mətlubdur. Əsərdə Dərviş Həqiqət yolunun yolçusu, Şakir isə Həqiqət olaraq tanınır. Bu mərhələyə bir ömrün çətinlikləri içərisində çox az insan yetişə bilər. Bu pillələri keçərkən hədəfə yetişmənin çətinliyi ilk mərhəldə göz önünə alına bilmir. Həqiqətə yetmək üçün keçilən hər mərhələ təkamül nərdivanları, Tələbdən Fənaya doğru gedərək, Fənanın Fənası, yəni Bəqanı (Əbədiyyəti) idrak edər. Əsərin bir yerində Şakiri bu dünyanı tərk etmiş görürük. Simvolik aləmdə tərk etmək kamala yetişməyin yeganə yoludur.

Dərvişin Şakiri görmək istəməsi onun Tələb mərhələsinə yetməsidir. Bu məqamda Dərviş nəfsi meyllərdən və kəsrətdən keçib vəhdətə doğru yol alan kamil insan rəmzi sayılan Şakirlə qarşılaşır. Bu mərhələ Haqqı və mütləq camalı tələb edən insana işarədir.

Şakirin qonaqpərvərliyi, hətta ailəsinin belə Dərvişin qulluğunda durmasına işarə etməklə Əttar qəhrəmanını Mərifət mərhələsində göstərmək istəyir. Bu məqamda Şakir arifdir. Çünki mərifət və arif eyni kökdən olduğu üçün bu məqamda olmaq yalnız ariflərə xas olan keyfiyyətdir. Mərifət Haqqı qəlb aynasında kifayət qədər tanımaqdar. Bu mərhəlyə çatmaq üçün ağıl və məntiq yetərli deyil. İnsan qəlbi və nəfsi müxtəlif yollarla paklanmalı, mənəvi-ruhi kamilləşmə mərtəbəsinə yetişməlidir. Yalnız bundan sonra Haqqın qəlbə hakim olmasının nəşəsini yaşamaq olar. Elə ki, qəlb Həqiqət üçün yetərincə arındısa, daha maddi dəyərin anlamı qalmır.

Şakirin qonaqpərvərliyindən başlayaraq hər mərəhələdə «bu da keçər» ifadəsinə bir neçə yerdə rast gəlirik. Əttar bu ifadələri təsadüfən işlətməmişdir. Şair bu yerdə yenə ilahi məntiqə işarə vurur. Allah-təala Qurani-Kərimdə buyurur: «Dünya həyatı əyləncə və oyundan başqa bir şey deyil. Axirət yurdu isə Allahdan qorxanlar üçün daha xeyirlidir…» (əl-Ənam surəsi, 32). Əttar bu məntiqlə Şakirin dilindən Dərvişə nəyi öyrətmək istəyir? Heç şübhəsiz, Şakirin Dərvişə təlqin eləmək istədiyi keyfiyyətin adı səbrdir. Səbr ucalma və fəzilətə yetişməyin mühüm hissəsi və iradənin qələbəsidir. Səbr olmazsa, nə ruhu inkişaf etdirməkdən, nə də ucalaraq mənliyin sirlərinə yetişməkdən danışıla bilməz. İnsan səbrlə torpağa, ətə, sümüyə bağlılıqdan qurtulur. Səbr ucalıqlar səltənətinə yetişmək üçün dar bir keçiddir. O, fitrətin yaxasında cərəyan edən harmoniyanın insan tərəfindən sezilməsi, qavranması və təqlid edilməsidir. Səbr əşya və hadisələrin dilini anlama və onlarla dialoq qurmaq cəhdidir. Məhz bu səbəbdən Əttar öz əsərində hadisələri elə seçir ki, Dərviş dəyişik vəziyyətlərdə Şakirin halını görə bilsin. Şakirin dünya malına dəyər verməməsi, dünyada əbədi olmamağın həqiqətini göstərməsi Mütləq Həqiqətdən başqa hər şeyin keçici olacağına işarədir. Mövlana Cəlaləddin Rumi «Məsnəvi»sinin I cildində yazır: « Nə vaxtadək dünyanı tutub gedəcəyəm, varlığımla bu dünyanı dolduracağam deyəcəksən? Dünya başdan-başa qarla dolsa, Günəş bircə dəfə parlayıb baxınca hərarəti hamısını əridər. O xəyal, qüsurları örtər, hikmət halını gətirər. O, zəhəli suyu şərbətə döndərər.»* (Mesnevide gecen bütün hikayeler. Hazırlayan: Mehmet Zeren, İstanbul, Nar Yayınları, 2008)

Hər bir insan səbr etdiyi qədər mövcuddur. İnsan Həqiqət qatında da səbri qədərindədir. Toxum sakitcə torpağı dələr, cücərib üzə çıxar. Bu hal da torpaqdan qat-qat kövrək olan toxumun vüsala yetişməsi üçün səbr edə bilməsidir.

Şakiri əsərin bir yerində var-dövləti əldən çıxmış, başqa bir yerdə Həddadın bütün sərvətinin ona qaldığını görürük. Şakirin bu vəziyyətdə təsvir olunması şairin İstiğna mərhələsinə işarə etməsidir. Şakir Həddadın qapısında qulluqçu olmasına da qane olur, onun var-dövlətinə qovuşmasına da. İstiğna ifadə baxımından qane olmaq deməkdir. Hər şeyin Haqdan gəldiyini bilən insanın əzablara da səbrlə qane olmasıdır. Təsəvvüf istilahı kimi isə İstiğna ehtiyacsızlıq, heç nəyə bağlı olmamaq mərhələsidir. Şakirin istiğnası kamil arif olaraq təkcə Haqqa ehtiyac duymasıdır. Şakir artıq elə dərəcəyə yetişib ki, Haqdan başqa nə varsa ona laqeyddir.

Çətinliyə dözmək bacarığı, riyazət Şakiri Vəhdət məqamına yetişdirir. Şakirin bu məqama yetməsi səbrini tərk etməmsi ilə bağlıdır. Vəhdət xilqətin iradəsinin Xaliqin iradəsində yox edərək, təkcə Haqqın iradəsini tanımaqdır. Vəhdət məqamı Vəhdəti-şühud və Vəhdəti-vücud olaraq iki yerə bölünür. Vəhdəti-şühud mərhələsində yola girən yolçu aləmdə olan bütün varlıqları Allahın təcəllisi olaraq görər. Vəhdəti-vücuda görə isə Haqdan başqa varlıq yoxdur. Bütün varlıqlar Onun əzəli və əbədi varlığına nəzərən kölgədən başqa bir şey deyil. Bu istilahı təsəvvüf nəzəri fikrinə gətirən alim Mühyiddin ibn Ərəbi (1240-cı ildə vəfat edib) olmuşdur.

Əsərin bir yerində Dərvişi Həccə getmiş görürük. Əttar bu məsələ ilə seyri-süluk və seyriləllahı (xalqdan Allaha doğru seyr) göstərmək istəyir. Şairin nəzmə çəkdiyi ibadət bu dəfə adi insanın deyil, Şakirin həyatını müşahidə edərək irşada yetişmiş bir salikin ibadətidir. Dərvişin həcci ariflik məqamının görsənişidir. İmam Cəfəri Sadiqdən (ə) dərs almış, orta əsrlərin məşhur övliyalarından olan Bəyazid Bistami (776-cı ildə anadan olub) qeyd edir ki, hacılar Kəbənin dövrəsində, ariflər isə qəlbi ilə ərşin dövrəsində təvaf edirlər (Təvaf Kəbənin ətrafında yeddi dəfə dönməyə deyilir- R.M.). Kəbə ərşdəki Allah evinin yer üzündəki nişanəsidir. Bu Evin ətrafında sadəcə yeddi dövrə vurmaqla qəlbi arındırmaq mümkün deyil. Bunun üçün qəlbi Haqqa tərəf yönəltmək lazımdır. Ərşdə Allah evinin ətrafında mələklər dönər, yerdə insanlar. Qəlbini Haqqa yönəldib təvaf eədən insan mələk mərtəbəsinə yüksələr. Həm də mələkdən canı, ruhu və idrak dərəcəsinə görə üstün olar.

Şakirin qəbir daşı üzərində «Bu da keçər» yazısını görməklə Dərviş Heyrət mərhələsinə daxil olur. Dərvişin heyrəti bu məqamda qəflətdən ayrılmanın heyrətidir, Əttar bu məqamı simvolizə etməklə Haqqın cəlal və camalını tanımaqdan doğan arifanə heyrəti göstərmək istəyib. Lakin arifin Haqqı tanımağı Onun camalının dünya gözü ilə görmək anlamına gəlməz. Əgər Əttar bu məntiqin əleyhinə getsəydi, o zaman «Gözlər Onu dərk etməz. O, gözləri dərk edər» (əl-Ənam surəsi, 103) hikmətini danan münkir olardı. Ancaq Əttar barəsində bu fikri irəli sürmək ən azından haqsızlıq sayılardı.

Heyrətə düşmüş yolçu bu məqama yetişəndə çaşqınlığa düşər, yolunu itirər. Tovhiddən canına nəqş olunmuş hər şeyi əldən gedər. Bu mərhələdə yolçunun qeyb olması da yadından çıxar. Buraya yetişən sərxoş, yoxsa ayıq olduğunu bilməz. Fani, yoxsa Baqi olduğunu idrak etməz. Keçilməsi gərəkən bu son vadinin adı Fənadır. Burada yüz minlərlə sonsuz kölgənin bir günəş işığında yoxa çıxdığını görərsən. Bu yoxluqdan çıxan şəxs arif olar, ona bir çox sirlər açılar.

Şakirin qəbrinin bir selə axıb getdiyi simvol Fəna mərhələsinə eyhamdır. Bu, son mərhələ Dərvişi Arif məqamına yetirir. Elə bu ariflik məqamının kəraməidir ki, Dərviş, bir üzük üzərindəki yazı ilə ümidsizlərin ümidini artırır, sevincli anlarında insanı yersiz qürurlanmaqdan çəkindirir.

«İnsan qəlbi iki xanəli bir evə bənzər. O xanənin birində sevinc, o birində kədər qərar tutub. Gülərkən elə gülün ki, qəlbinizin sevinc otağı ilə qonşu yaşayan kədəri oyatmayasınız.» «Bu da keçər» hekayəsini oxuduqca hərdən sevinib, hərdən heyrətə düşdüyümüz bu ibrət əsərinin təhlili barədə bunlar bizim bildiklərimizdir.

Doğrusunu isə Allah bilir!

 

Istifadə olunan ədəbiyyat

1. (E.G.Bertelğs. Sufizm i sufiyskaə literatura. Moskva, «Nauka», 1965.)

2. (A.Gölpınarlı. Yüz soruda tasavvüf. İstanbul, 1969)

3. (A.Gölpınarlı, Yüz soruda Türkiyədə tarikatlar. İstanbul.)

4. (Mehmet Tahir (Bursalı). Osmanlı müellifleri, Hazırlayan Fikri Yavuz-İ. Özen, İstanbul, 1975)

5. (A.D,Knış. Musulğmanskiy mistiüizm. Moskva-Sankt-Peterburq, «Dilə», 2004)

6. (İzzeddin Mete, Kainat ve tarihin felsefesi. Türkiye, Basımevi, 1966)

7. (M.Bayat və Ə.Jamniya «Hekayəti əz diyari sufian», Tehran, 2002)

8. (Mesnevide gecen bütün hikayeler. Hazırlayan: Mehmet Zeren, İstanbul, Nar Yayınları, 2008)

9. (Rəsul Mirhəşimli, «Allah dostları», Bakı, «Qanun»- 2005).




Доска объявлений

Группа для детей

Объявляется набор в психокоррекционную группу для детей подросткового возраста (13-16 лет). Количество участников - 12 человек. Занятия начнутся при комплектации группы, и будут проходить один раз в неделю с продолжительностью около 5 часов.

Тренинг личностного роста

Объявляется набор в группы личностного роста. Одна группа – для молодежи (возраст от 18 до 30 лет), другая группа – для людей зрелого возраста (от 30 до 50). Максимальное количество участников в каждой группе – 12 человек.

Для записи вам необходимо послать нам e-mail, указав имя, возраст и образование.

 

Полный психологический портрет личности

— интеллектуальный потенциал,
— стиль мышления,
— степень информационной открытости,
— творческий потенциал,
— черты характера,
— психологический тип,
— особенности нервной системы,
— уровень адаптивности,
— профессиональные ориентиры,
— формы психологической защиты,
— и многое другое
Для записи пошлите нам e-mail с вашими контактными телефонами.



Талантам надо помогать...

Философ, нашедший себя в полиграфии


Александр Воловик — художник и фото-журналист


Поэзия Саиды Салаевой



 

© Света Меджидова, 2007-2013

e-mail: psy6957@mail.ru

телефон: (+994 12)538 88 95 , (+994 12) 510 85 24, (+994 12) 493-68-41, (+994 50) 442 17 08