Psixoloji xidmət kabineti
PSİXOLOJİ XİDMƏT KABİNETİNİN VƏZİFƏSİ ƏHALİNİN MÜXTƏLİF KATEQORİYALARINA, ELƏCƏ DƏ İNKİŞAF VƏ YAŞ SƏVİYYƏSİ FƏRQLİ ŞAGİRDLƏRƏ, ONLARIN VALİDEYNLƏRİNƏ VAXTINDA İXTİSASLI KONSULTATİV-METODİKİ, PSİXOLOJİ VƏ PSİXOKORREKSİON KÖMƏK GÖSTƏRMƏKDƏN, HƏMÇİNİN SOSİAL-PSİXOLOJİ REABİLİTASİYA VƏ ADAPTASİYA PROBLEMLƏRİNİN HƏLLİNƏ YARDIMETMƏKDƏN İBARƏTDİR.
Bu yazının mövzusu təbii ki, məktəb psixoloqunun kabinetidir. Məktəb psixoloquna kabinet lazımdırmı? Çox vaxtı belə bir fikir irəli sürülür ki, işləyən psixoloq kabinetsiz də işləyər. Ayrı-ayrı hallarda bununla razılaşmaq olar, məsələn fərdi kliyentlə yaxud onun özünəməxsus mühiti, əhatəsi ilə işləməli olduqda. Lakin böyük bir təhsil müəssisəsində, uşaqların vaxtlarının çox hissəsinin keçdiyi bir yerdə və bir psixoloqun çoxsaylı şagird kütləsinə xidmət etdiyi bir şəraitdə psixoloqun iş yerinə mühitin bir hissəsi kimi baxılmalıdır. Və bu məkanmı deyim, ya yemir mühitin prinsiplərinə cavab verməlidir, başqa sözlə uşaq fəaliyyətinin müxtəlifliyini təmin etməli, həmçinin funksional rahatlıq kriterilərinə də uyğun olmalıdır. Deməli məkanın seçilməsi məqsədyönlü və məqsədəmüvafiq olmalıdır.
Hər şeydən əvvəl, məktəb psixoloqunun kabineti məktəbin birinci mərtəbəsində olsa daha məqsədəuyğun hesab edilə bilər. Çünki, psixoloq təkcə şagirdlərlə deyil, valideynlərlə, eləcə də müstəqil kliyentlərlə işləyir. Kabinetin 1-ci mərtəbədə olması psixoloqa müraciət edənlərə narahatlığın qarşısını ala bilər.
İkinci, önəmli amillərdən biri, psixoloqun otağının ayrıca yerləşməsidir, yəni yaxşı olar ki, psixoloqun otağına giriş heç bir fənn kabinetinin içindən olmasın, yaxud bu otaq idman ya da musiqi otağı ilə yanaşı olmasın. Çünki psixoloqun kabineti istər səs, istərsə də ərazi baxımından təcrid olunsa yaxşıdır.
Praktik psixoloqun kabineti üçün 10-12 nəfərin yerləşə biləcəyi 25-30 kvadrat metr olsa məqsədəmüvafiqdir.
Kabinetdə texniki vasitələrdən videomaqnitofon, televizor, musiqi mərkəzi, kompüter, printer, kseroks, videokamera olsa pis olmaz (bu test blanklarının surətinin çıxardılması, kağız, dəftərxana materiallarının alınması və s. bu kimi problemlərlə üzləşən bizim məktəb psixoloqlarının ancaq şirin xəyalları ola bilər).
Metodik material kimi praktik psixoloqun kabinetində psixoloji iş aparmaq üçün materiallar, oyuncaqlar, uşaqların yaşına müvafiq stolüstü oyunlar, müxtəlif materiallardan dəstlər (plastilin, flomaster, rəngli karandaşlar, rənglər, kağız və s.), psixoloqun kitabxanası, şagirdlər, valideynlər, eləcə də müəllimlər üçün paylama materialları olmalıdır.
Sənədlərə gəldikdə isə, deyə bilərik ki, psixoloqun kabinetində aşağıdakı sənədlər olmalıdır:
• təhsil müəssisəsinin rəhbərliyi tərəfindən təsdiq olunmuş illik fəaliyyət planı
• görülən işlərin qeydiyyatı jurnalı
• iş qrafiki
• psixoprofilaktik, diaqnostik, inkişafetdirici, korreksion, konsultativ və digər iş növlərini əks etdirən metodlar və proqramlar
• müəssisə rəhbəri tərəfindən təsdiq olunmuş bir illik fəaliyyətin təhlili haqqında hesabat və s.
Mebel kimi psixoloqun iş stolu (elə məktəb psixoloqlarımız var ki, onların heç oturmağa yerləri yoxdur), vəsaitlər üçün şkaf, texnika üçün şkaf, uşaqlar üçün iş yeri, jurnal stolu, 2-3 kreslo yaxud divan və 1-2 kreslo, stullar olmalıdır.
Kabinetin tərtibatı və dizaynı üçün əlavə bitkilərdən, akvariumdan istifadə etmək olar. Bu artıq psixoloqun öz yaradıcılığından və zövqündən asılıdır.
|