Русский
  Ana səhifə   Əlaqələr   Biznesmenlərə   Idmançılara   Psixoloqlara   Valideynlərə   Abituriyentlərə   Tələbələrə   

 

 


Oxumağı məsləhət bilirik



Psixoloqun
məsləhətləri


Psixoloqlar zarafat
edir



Nigah baglamaq istəyənlərə məsləhətlər Советы для вступающих в брак


MasterGroup




 

 

 

Bakililar.az

 

Təsəvvüfdə şəxsiyyətin mənəvi təkamül məsələsi

 

Məmmədov Rauf Tofiq oğlu

Şərqşünas, fəlsəfə elmləri namizədi

«Azərbaycan» Universitetinin dosenti

raufsalam1@rambler.ru

 

Quran və Sünnənin əsasən mənəvi-əxlaqi ideyalarının tarixi silsilə və psixoloji-praktiki inkişafının nəticəsi olaraq ortaya çıxan təsəvvüf sistemi, bəzi ifrat sufi təriqətlərini çıxmaq şərti ilə orijinal islam təlimidir. Bu vahid islam təlimi, Hz. Peyğəmbər’in vəfatından sonra tədricən müsəlmanlar arasında xilafətin süqutunda və sultanlığın başlamasında özünü göstərən dünyapərəstliyə etiraz olaraq ilk dəfə sürrealist, irrasionalist zühd hərəkatı kimi (zahidlər, dərvişlər), sonrakı mərhələdə hər iki ifrat istiqamətlər arasında islamın «orta yol» prinsipinin axtarışına çıxan təsəvvüf məktəbləri kimi, sonradan bu məktəblərin ictimai təşkilatlanması nəticəsində yaranan sufi təriqətləri, əxi hərəkatları kimi tanınmışdır. Təsəvvüf, yanlız şəxsiyyətlərə (insanül kamil) silsilə və praktiki özünüdərketmə yolu ilə ötürülən «mükəmməl və ya gizli bir elm» (ilmül lədun) kimi səciyyələndirilmişdir. Allah tərəfindən verilən bu elmin mənbəyi Hz. Muhəmməd, Onun varisləri olan Əhli-Beyti və yüksək mənəviyyat sahibi olan alimlərdir.

Təsəvvüf elmi, Qurani-Kərim’in təbiətdəki antrop prinsipi barədəki ayələrə istinad edərək, varlığın mövcud olma səbəbini kamil insana (zübdeyi aləm) bağlamış və bütün nəzəri-praktiki fəaliyyətini şəxsiyyətin yetişdirilməsinə həsr etmişdir. Çünki təsəvvüfün bu son məqsədi, Allah’ın və Onun yaratdığı aləmin son məqsədidir. Bu məqsəd öz gerçəkliyini yanlız cəmiyyətdə tapa bilər. cəmiyyətdən kənarda kamil insan, şəxsiyyət anlayışı mövcud deyildir. Bunun üçün öz mənəviyyatı, əxlaqı və ictimai fəaliyyəti ilə dövlət və böyük bir mənəvi mədəniyyət yaradan Hz. Muhəmməd’in şəxsiyyəti, Allah’ın Qurani-Kərim’də müsəlmanlara buyurduğu kimi «gözəl örnək» («üsvənə hasənə») olmuşdur.

Şəxsiyyət kimdir? O, ilahi, genetik, yoxsa sosial-tarixi fenomendir? Onu fərddən fərqləndirən nədir? – kimi suallar sosial-fəlsəfi düşüncənin və cəmiyyət quruculuğunun ən aktual problemi olaraq qalır. Əlbəttə, bu suallara elmi-fəlsəfi müstəvidə konkret cavab tapmaq mürəkkəb bir məsələdir. Çünki geniş mənada insan sintetik kosmobioloji, psixoloji, sosial və mədəni varlıq olmaqla yanaşı, həm də Nəsiminin dediyi kimi, bu iki cahana sığmayan «gövhəri laməkan»dır. Hər bir fərd bu substansiyanın daşıyıcı olduğu halda, Yunus İmrə kimi «məndə bir mən vardır məndən içəri» şüuruna yetişə bilmir. Özündə olan bu sirri çözməyə çalışan və bu «məkansız gövhərin» axtarışına çıxan fədakar, məqsədyönlü, səmimi fərdlər, tədricən öz məqsədləri istiqamətində sınaqlara tab gətirərək, kamil insan və ya şəxsiyyət kimi formalaşırlar. Təsəvvüf sistemində bu insanları mənəviyyat aləminə səyahətə çıxan (seyri-süluk yolu) müridlər adlandırırlar. Onlar təsəvvüf sistemində və mürşidin nəzarəti altında bu məqsədə doğru addımlayırlar. Onların kamilləşməsində ilkin mərhələ özünütanıma yəni xəlvət mərhələsidir. Bu mərhələdə, müridin öz mənəvi aləmində öz «mən»ini axtarışa çıxması, əxlaqi naqisliklərdən qurtularaq gözəl əxlaq sahibi olması, nəfsini tanıması və bunun üçün az yeyib, az yatması, çox ibadət edərək, mürşidinin təliminə uyması, çətinliklərə səbr etməsi şərtdir. Bu mərhələnin sonuna yetişən müridlər artıq kamillik zirvəsinə ucalan kamil şəxsiyyətlərdir. Deməli, şəxsiyyətin yetişməsində çətin və kəşməkeşli həyat yolunun böyük rolu vardır. Çünki həyatdakı problemlər, əslində insanın özünə qapılmasını, səbəbləri özündə axtarmasını, özünüdərkini təmin edir. Təmtəraqlı həyat tərzi isə, insanın iradəsini daxilə deyil, xaricə yönəlməsinə və özündən bixəbər olmasına səbəb olur.

Təsəvvüf yolunda olan insanın artıq qarşıya qoyduğu məqsədə çatması (vüsal), qəlbin paklaşması və onun ilahi hikmətlərlə dolması, ona əşyanın həqiqətini bilməsi kimi bir çox ali mənəvi keyfiyyətlər bəxş edir. Bu mərhələnin sonu yeni bir mərhələnin başlanğıcıdır. Yeni mərhələ «cilvət» adlanır. Yəni bu mənəvi gözəlliyə qovuşan insan, öz daxili gözəlliklərini xarici aləmə, cəmiyyətə əks etdirməli, ətrafını da öz daxili aləmi kimi gözəlləşdirməlidir. Çünki o, varlığın mahiyyətində dayanan bütün mənəviyyət qanunları ilə həmahəngdir, o xalq ilə olduğu halda Haqq ilə, Haqq ilə olduğu halda xalq ilədir. Bu mərhələyə yetişən Nəsimi yaşadığı cəmiyyəti özünə qəfəs hesab edir və qəlbindəki gülüstanı ətrafında yaratmaq eşqi ilə alovlanır:


Ey bülbülü-qüdsi nə giriftari qəfəssən,
sındır qəfəsi tazə gülüstan tələb eylə!

Biz təsəvvüfün bu metodunun Hz. Muhəmməd’in həyatından qaynaqlandığını düşünürük. Hz. Peyğəmbər’in daima Məkkə ətrafındakı Hirə mağarasına çəkilərək, tənhalıqda Allah ilə bir olması xəlvət dövrünü, Peyğəmbərliyin başlaması isə, cilvət dövrünü əks etdirir. Hz. Peyğəmbər’in və xəlvətdə yetişən səhabələrin cilvəti, yəni onların «gizli bir xəzinə» kimi açılması, Mədinə dövləti timsalında sonralar təkmilləşən sosial-iqtisadi, mədəni və siyasi-hüquqi institutların formalaşmasını təmin etdi. Bu metod, sonralar təsəvvüfdə şəxsiyyətin yetişdirilməsi metoduna çevrildi.

Şəxsiyyətin şüuru, daima cəmiyyətin ümumi ictimai şüur səviyyəsindən yüksəkdə dayanır. Bunun üçün o, həm sevgi, həm də qısqanclıq obyektinə çevrilir. Buna baxmayaraq o, digər fərdlər kimi konkret bir ailədə böyüyür, müəyyən etnik qrupa məxsus olan adət-ənənələr, mədəni dəyərlər və ya stereotiplər çərçivəsində tərbiyə alır. Onun tərbiyə aldığı mühit onda bir çox identiklik formaları yaradır. Lakin şəxsiyyət fərdlərdən fərqli olaraq bu identiklik formalarının fövqünə çıxan, fərdidən ümumiyə, adidən aliyə doğru istiqamətlənən bir iradə kimi daima mənəvi təkamül və özünüdərketmə dinamikası prosesində inkişaf edir. Çünki bu dinamika onun azadlığını artırır və onun «ölüb yenidən dirilməsini» təmin edir. Bu məqam, təbii identikliklərin inkarı deyil, onların nəfsani istəklər fövqündə olan ali harmoniyasıdır. Bu baxımdan şəxsiyyət mənəvi fenomendir. Allah, Ona can atan iradələrlə vüsala tələsir və onları öz sevgili kamil insanlarına çevirir (vəli).

Hər bir şəxsiyyət lider ola bilər. Ancaq hər bir lider şəxsiyyət ola bilməz. Məsələn, tarixdə öz ehtirasları istiqamətində minlərlə insanın qanının tökülməsinə bais olan, insanlara zülm edən və nəticədə öz ideyaları ilə insanları bədbəxt edən cinayətkar siyasətçilər, inqilabçılar, ideoloqlar olmuşlar. Onların əksəriyyəti ağıllı insanlardır. Lakin ağıllı olmaq, hələ kamil olmaq demək deyildir. Peşəkar həkim olmaq, hələ yaxşı (yəni xeyirxah) həkim olmağa dəlalət etmir. Hər bir cəmiyyətin həqiqi inkişaf yolu birinci «əsil insan olmaqdan» və sonra peşəkar olmaqdan keçir. Şəxsiyyət, hər ikisini özündə cəmləşdirən kamil insandır.

Şəxsiyyətin formalaşmasında cəmiyyətin, mühitin rolu böyükdür. Lakin bunu mütləqləşdirmək düzgün deyildir. Çünki onun şəxsi iradə və səyləri daha böyük əhəmiyyət daşıyır. Buna görə də, biz problemə mütləq mənada nə kollektivçilik, nə də fərdilik müstəvisindən yanaşmağı məqsədəuyğun hesab etmirik. Düşünürük ki, şəxsiyyətin yetişməsində hər iki amilin zəruri rolu vardır. Şəxsiyyət sırf cəmiyyətin məhsulu olsaydı, onda o kollektiv şüurun ayrılmaz hissəsi olan fərdlərdən fərqlənməzdi. O, sırf fərdi şüurun nəticəsi olsaydı, onda təfəkkürün ziddiyyətlər burulğanında özünü məhv edər, bir addım irəli və iki addım geriyə addımlayardı. Buna görə də, tarixdə bütün böyük şəxsiyyətlər müəyyən şəxsiyyətlərin birbaşa və ya dolayı təsirinə məruz qalmışlar. Bu proses mənəvi varislik prosesidir.

Müsəlman Şərqində böyük dahi insanların əksəriyyəti təsəvvüf məktəbini keçmiş, əxi təşkilatında fəaliyyət göstərən insanlar olmuşlar. Deməli, şəxsiyyətin yetişməsində fərdiyyətçilik və kollektivçilik arasında orta mövqe tutan mənəvi varislik strukturları mühüm rol oynamışlar. İslam mədəniyyəti çərçivəsində ictimai qurumlar şəklində təriqətlərin və əxi təşkilatlarının meydana çıxması, Hz. Muhəmməd’dən gələn mənəvi varisliyin davam etdirilməsi zərurətindən irəli gəlmişdir. Bu təşkilatların maarifçilik fəaliyyəti, çox təsadüfi hallarda cəmiyyətin ümumi sisteminə çevrilə bilir. Buna görə də, uzun müddət islam mədəniyyətində mədrəsə ilə təkkələr, təriqətlər arasında, faqihlərlə sufilər arasında bir çox konfliktlər yaşanmışdır. Çünki cəmiyyətin ictimai şüur səviyyəsini aşan insanların, şəxsiyyətlərin varlığı, o cəmiyyəti idarə edənlərin maraqlarına, bəzən də idrak səviyyələrinə təəssüf ki, çox vaxt zidd olur.

Şəxsiyyətin formalaşmasında təbii ki, birinci növbədə fərdin öz məqsəd və iradəsi mühüm rol oynayır. Buna görə də, sufilər şəxsiyyətin formalaşmasında birinci başlanğıc mərhələsi kimi şəriəti, hüquqi şüurun təkmilləşdirilməsini, hüquq mədəniyyətinin inkişafını əsas götürmüşlər. Çünki dövlətin qanunlarına (şəriət) hörmət və itaət etmədən Allah’a yaxınlaşmaq, azad olmaq mümkün deyildir. Öz təbii hüquqlarını bilmədən, ədalətli cəmiyyət quruculuğunda iştirak etmək absurddur. Bu qanunlara yanlız qorxu altında şüursuz itaət etmək də, insan azadlığını və onun hüquqlarını təmin etmir. Fərdin azadlığı cəmiyyətin azadlığına bağlı olduğu kimi, cəmiyyətin də azadlığı fərdin azadlığına bağlıdır. Deməli, qanun cəmiyyətin mənəviyyatına, mənəviyyat isə cəmiyyətin qanununa çevriləndən sonra azadlıq və ədalət bərqərar olur. Bu proses uzun və qeyri-kütləvi bir proses olsada, onun alternativi yoxdur. Hər bir cəmiyyət məhz bu ictimai təkamül yolunda bir-birindən fərqlənir. «Azadlıq dərk edilən zərurət» olduğu üçün hər bir dövrdə və hər bir cəmiyyətdə onun idrak səviyyəsi fərqli olur. Buna görə də, hər əsrdə şəriət hökmlərinin idrak səviyyəsi dövrün mücəddidləri tərəfindən daha da dərinləşdirilir. Deməli, qanunun bir zahiri, bir də bir neçə təbəqədən ibarət batini tərəfləri vardır. Təsəvvüf, təriqət yolu ilə şəriət qanunlarının batini təbəqələrini kəşf etmək yoluna çıxdığı üçün, islam aləmində təsəvvüfü həm də «Fiqhi batini» (mənəvi hüquq) adlandırmışlar. Çünki cəmiyyətin idarə olunmasını təmin edən şəriət, öz batini ilə varlığın idarə olunmasını təmin edən mənəvi hüquqdur. Fərdi şəxsiyyət kimi formalaşdıran «ali mən» substansiyası da, məhz mənəvi hüquqa tabedir. Çünki onun öz fitrətinə dönüşü ilə, islama dönüşü eynidir. Nizami Gəncəvinin «xoşbəxtlər ölkəsi» vətəndaşları, məhz öz mənəviyyatları ilə şəriətin həm zahiri, həm də batini idilər. Təsəvvüfə görə bu, hal və mənəvi təcrübə yolu ilə, nəfsini və ya Allah’ı tanımaqdan (mərifətullah) keçən yoldur. Çünki «özünü bilən Rəbbini bilmişdir» və ya Rəbbini bilən yaradılışın ali məqsədinə qovuşmuşdur.

Biz bu gün kamil insana və kamil cəmiyyətə utopiya kimi baxırıq. Digər tərəfdən də fitri olaraq ona doğru can atırıq. Uşaqlar nağıl və əfsanələrdəki qəhrəmanlara, yaxud filmlərdə canlandırılan «supermen» obrazlarına bənzəməyə can atırlar. Yaşlı nəsil isə, onların əlçatmaz, qeyri-real olduğunu şüurlarına təlqin edərək, ya onları təkzib edir, ya da onları ilahiləşdirirlər. Bu özünü dəyərləndirməmək və özünü alçaltmaq prinsipi, uşaqların erkən dövrlərdən bir şəxsiyyət kimi yetişməsinə maneçilik törədir. Qədim Misirdə deyildiyi kimi, «insanlar əbədiyyətini itirmiş tanrılar, tanrılar isə əbədiyyətə qovuşan insanlardır». Biz dahi şəxsiyyətləri əlçatmaz tanrılara, özümüzü isə günaha batmış mələklərə bənzədirik. Axı bir çox böyük elmi kəşflər, böyük inqilablar romantizmin nəticəsi kimi ortaya çıxmışdır. Halbuki, bizim mədəniyyət və insanlarımız özündə şəxsiyyətin yetişdirilməsi üçün bütün mənəvi imkanları səfərbər edir. Bizim cəmiyyətdə Hz. Muhəmməd, Hz. Əli, Hz. Fatimə’nin şəxsiyyətləri insanlarımıza örnək olmalıdır. Uşaqlarımıza bu şəxsiyyətlərin adını qoymaqla yanaşı, onların ömür yollarını, gördükləri işləri də təbliğ etməliyik. Çünki tarix, yenə də həmin tarixi ssenari, insanlar da yenə də həmin aktyorlardır. Sadəcə, səhnənin xarici görünüşü fərqlidir.

Əlbəttə, hər bir xalqın özünəməxsus tarixi inkişaf yolu vardır. Bu tarixi yol, onun milli-mənəvi dəyərlər sistemini formalaşdırır. Bizim milli-mənəvi inkişaf tariximiz, əsasən islam dəyərləri üzərində gerçəkləşmişdir. Bütün böyük şəxsiyyətlərimiz və onların qoyduqları mənəvi irs təsəvvüf fəlsəfəsi üzərində formalaşmışdır. Məhz bu dəyərlər sistemi, irsi olaraq müvafiq mədəniyyətdə olan insanların imkanlarını müəyyənləşdirir. Bu daxili imkanlara müvafiq qurulan azad sosial sistemlər sürətlə inkişaf edir. Lakin özünü deyil, digər mədəniyyətləri yamsılayan sistemlər tədricən özünü inkar etməklə ölümə yuvarlanır. Ümummilli liderimiz H. Əliyev xalqımızın milli dövlətçiliyini, bütün çətinliklərə tab gətirərək, xalqın öz milli-mənəvi dəyərlərinə bağlılığının nəticəsi kimi və milli-mənəvi dəyərlərin, islam dininin tarixi qələbəsi kimi dəyərləndirir: «Xalqımızın, müsəlmanların Allah’ın göstərişi ilə, Məhəmməd Peyğəmbər’in, Qurani-Şərif’in qoyduğu yolla getdiyi illər, əsrlər biz müsəlmanları daim yaşadıb, çətinliklərdən çıxarıb, xoşbəxt günlərə gətirib, bizə xoşbəxtlik, səadət bəxş edibdir».

Bu gün süni qloballaşma prosesində öz milli-mənəvi dəyərlərinə sahib çıxa bilməyən, özünüqoruma instinktindən məhrum olan sistemlər yox olma təhlükəsi ilə qarşılaşırlar. Bu mənəvi mexanizmin qeyri-sabitliyi şəraitində inteqrasiya assimlyasiyaya gətirib çıxarır. Deməli, biz dünyaya inteqrasiya etmək istəyiriksə, birinci növbədə milli ideologiyamızı, onun işləmə mexanizmini və milli təhlükəsizliyimizi təmin etməliyik. Sözün qısası, öz insanlarımıza sahib çıxmalıyıq. Bunun üçün milli-mənəvi dəyərlərimizə yönəlik təhsil sistemini yaratmalı və bu sistem üzərində sosial-iqtisadi, mədəni institutları formalaşdırmalıyıq.

İslam hüququnun əsas obyekti olan şəxsiyyətin yetişdirilməsində ailə və qadın hüquqları strateji əhəmiyyətə malikdir. Çünki şəxsiyyətin formalaşmasında onların rolu müstəsnadır. Buna görə də, islam mədəniyyətində ailə modeli nümunə kimi götürülmüşdür. Təriqətlərin strukturuna fikir versək, biz burada ailə modelini müşahidə edə bilərik. Təriqətdə mürşid müridlər üçün mənəvi ata rolunu oynayır. Müridlər isə, bir-birini «ixvan» (qardaş) deyə çağırırlar. Ailədə olan qarşılıqlı sevgi və hörmət hissləri öz əksini təriqət münasibətlərində əks etdirir. Bu sistem ümumi cəmiyyət səviyyəsində cəmiyyətin vahid bir ailə institutuna çevrilməsinə, müsəlmanların bir-birinə qardaş olmasına şərait yaradır. Dövlət həmçinin bu ailə sistemin sosial təzahür forması kimi ortaya çıxır. Bu baxımdan dövlətin müvafiq orqanları onu qoruyub saxlamaq və inkişaf etdirmək funksiyasını daşımalıdırlar. Bu mənəvi birliyin maddi müstəvidə gerçəkləşməsi üçün müəyyən sosial-iqtisadi institutların qurulması şərtdir. Bunun üçün sufilərin, əxilərin qurduqları təşkilatlar bu funksiyanı orta əsrlərdə yerinə yetirmişdir. Bu günün özündə də, dövlət orqanları və vətəndaşlar milli-mənəvi dəyərlərin qorunması, inkişafı istiqamətində böyük tarixi məsuliyyətlər daşıyırlar.

Bu gün dövlət, ailə və cəmiyyət arasında yaşanan problemlər şəxsiyyətin formalaşmasına mənfi təsir göstərir. Ailədə müəyyən yaş həddinə kimi şəxsiyyətin yetişdirilməsi ilə məşğul olan anaların əməyi reproduktiv deyil, dövlət tərəfindən produktiv bir əmək kimi dəyərləndirilməli və onlara maaş verilməlidir. Qadınların iş saatı, kişilərin iş saatından az olmalıdır (məvacibə təsir etməmək şərti ilə). İnternet yolu ilə evlərdən virtual əmək bazarına qadınların cəlb olunmasını, onların intellektual əməyindən virtual yolla istifadə olunmasını təmin etmək lazımdır. Qadın şəxsiyyətini və ümumiyyətlə insan şəxsiyyətini alçaldan hallara qarşı ciddi hüquqi tədbirlər görülməlidir. Çünki qadınların ailədən ayrılması nə cəmiyyətin, nə dövlətin, nə də qadınların xeyrinədir. Ailə institutunun zəifləməsi, şəxsiyyətin formalaşmasına birinci, bəlkə də sonuncu zərbədir.

Təhsil sistemi şəxsiyyətin formalaşmasına mühüm təsir göstərir. Ailə psixologiyası təhsil psixologiyasının təməl prinsipinə çevrilməlidir. Ailə və məktəb münasibətlərini bir-birinə yaxınlaşdıran müəyyən dövlət tədbirləri, birgə ailə-məktəb layihələri həyata keçirilməlidir. Təbii ki, bu layihələrdə məqsəd yüksək təhsilli şagird və ya tələbə, vətənini, millətini sevən vətəndaş və gözəl insan, xalqına öz əməyi ilə xeyir gətirən peşəkar bir sözlə şəxsiyyət yetişdirmək olmalıdır.

Cəmiyyətdə şəxsiyyətin alçaldılmasına şərait yaradan bütün mənfi hallara qarşı mübarizə etmək üçün vətəndaş cəmiyyətinin fəaliyyətini, demokratiyanı, hüquq mədəniyyətini inkişaf etdirmək lazımdır. Bir zamanlar əxi təşkilatları cəmiyyətdə ədalət pozuntularına qarşı mübarizə mexanizmləri formalaşdırmışdır. Onlar istehlakçıların hüquqlarını qorumaq üçün istehsalçılıq fəaliyyətinə qeyri-rəsmi şəkildə, bir növ istehlakçıların hüquqlarını qoruyan azad nəzarətçilər funksiyasını yerinə yetirir, istehsal fəaliyyətinin inkişafı üçün peşəkarların hazırlanmasına diqqət yetirirdilər. Dövlət orqanları tərəfindən onların işinə maneçilik törədənlərə qarşı mübarizə aparırdılar. Əxi təşkilatı xalq tərəfindən yaradılan demokratik bir təşkilat olmuşdur. O, vətəndaş cəmiyyətinin elementlərini özündə daşımış və xalq demokratiyasının inkişafına təkan vermişdir. Lakin qeyri-demokratik sistemlərdə onlar öz fəaliyyətlərini çox vaxt gizli şəkildə həyata keçirməyə müyəssər olmuşlar. Nizami Gəncəvi, Məshəti Gəncəvi, Xəqani Şirvani və başqa bu kimi dahilərimiz bu təşkilatın fəaliyyətində iştirak etmişlər.

Ancaq azad, mənəviyyatlı, əqidəli insanı, şəxsiyyəti yetişdirmədən bu məqsədlərə çatmaq çox çətindir. Bu şəxsiyyətləri yetişdirmədən cəmiyyətdə demokratiyanı, ədaləti bərpa etmək qeyri-mümkündür. Buna görə də, sufizm alternativi olmayan bir yoldur. Təsəvvüfün cəmiyyət quruculuğu insandan cəmiyyətə doğru inkişaf edir. Yəni Qurani-Kərim’də və Sünnədə ortaya qoyulan insan modeli Hz. Muhəmməd, cəmiyyət quruculuğunun təməl prinsipi kimi qəbul olunur. Burada insana görə cəmiyyət modeli formalaşdırılır. Lakin müasir dövrdəki cəmiyyətlər insana görə deyil, insan bu cəmiyyət modellərinə uyğunlaşdırılır. Buna görə də, müasir insan «homo ekonomikus» kimi səciyyələndirilir. Bu cür cəmiyyətlər insan fitrətinə, varlığın mənəvi qanunlarına zidd olduğu üçün tədricən dağılır və onların yerində yenidən digərləri yaradılır. Sosializm sistemini inkar edən insan fitrəti, kapitalizm sistemini də inkar edəcəkdir. İnsan Allah’ın qoyduğu nizama və harmoniyaya gələnə kimi, Onun mütləq azadlıq və ədalətini dərk edənə kimi, daima axtarışda olacaq və özü-özünü inkar edəcəkdir. Bu gün dünyanın, insanlığın yeni sosial-iqtisadi sistemə ehtiyacı vardır. Bu ehtiyacı ödəmək üçün təsəvvüfün, yəni islamın ənənəvi prinsipləri dərindən tədqiq olunmalı və özünü müasir həyatın bütün istiqamətlərində müasir tələblərə uyğun şəkildə gerçəkləşdirməlidir.

 

Резюме

Проблема духовного развития в суфизме

Среди актуальных проблем изучения классического культурного наследия народов востока, исповедующих ислам, едва ли самой важной остается проблема суфизма. Будучи религиозно-философским учением о правилах поведения и послушания путника, взыскующего истины и стремящегося к ее постижению, суфизм исторически восполнил и развил институты ислама. Зачастую историческое обращение ислама к разработке философских, этических проблем происходило под воздействием развившихся в суфизме тенденций. Обоснование значения индивидуального преклонения в религиозной практике суфизма вело к признанию роли индивидуума и его единичного опыта и постановке проблем нравственного совершенствования личности.

 

Resume

Problem of spiritual development in sufism

Among the actual problems of studying of a classical cultural heritage of peoples of the east professing an islam, hardly probable the most important still has a problem sufism. Being religious - philosophical doctrine about rules of behaviour and obedience of the traveller, trues and aspiring to her comprehension, sufism has historically filled and has developed institutes of an islam. Frequently the historical reference of an islam to development of philosophical, ethical problems occured under influence developed in sufism tendencies. The substantiation of value of an individual worship in religious practice sufism conducted to a recognition of a role of an individual and his individual experience and statement of problems of moral perfection of the person.


Доска объявлений

Şəxsiyyətin inkişafı treninqi haqqında

Şəxsiyyətin inkişafı treninqinə yıgım başladı. Gənclər qrupu(18 yaşdan 30 yaşa qədər) və yetkin yaşlı insanlar üçün qrup (30 yaşdan 50 yaşa qədər). Hər qrupda iştirakçıların maksimal sayı 12-dir. Qeydiyyat üçün mütləq ad, yaş və təhsili göstərməklə bizə email göndərməlisiniz.

Uşaqlar üçün qruplar

Uşaqlar və yeniyetmələt üçün psixokorreksiya(13-16 yaş) qrupuna elan verilmişdirş. İştirakçıların sayı 12 nəfər. Məşğələlər qrup yığılan kimi həftədə bir dəfə olməqla başlayacaq. Bir məşğələnin müddəti 5 saatdır.

Şəxsiyyətin tam psixoloji portreti

- intellektual potensial
- təfəkkür üslubu
- informasiya açıqlığı dərəcəsi
- yaradıcı potensial
- Xarakter keyfiyyətləri
- Psixoloji tip
- Sinir sistemi xüsusiyyətləri
- Adaptasiya saviyyəsi
- Peşəyönümü
- Psixoloji müdafiə formaları
- Və başqaları
Qeydiyyat üçün əlaqə telefonlarınızla birlikdə e-mail ünvanınızı göndərin.

İmkanlar

Далеко смотрящийƏgər siz kliyentlərinizin istəklərini nəzərə almaqla savadlı və keyfiyyətli reklam mətnləri yaratmağı öyrənmək və reklam biznesinizin çiçəklənməsini istəyirsinizsə bizə müraciət edin. Biz bu işdə sizə kömək edərik. Yaratmağa çalışan insanın qarşısında mümkün olmayan şey yoxdur.


 

© Sveta Məcidova, 2007-2012

e-mail: psy6957@mail.ru

telefon: (+994 12) 538 88 95, (+994 12)510 85 24, (+994 12)493 68 41, (+994 050) 442 17 08