Mövcud olmayan heyvan
Hər kəs başqalarını öyrənməyi xoşlayır, amma heç kim
başqaları tərəfindən öyrənilmək istəmir.
F.Laroşfuko
Mövcud olmayan heyvan testindən şəxsiyyəti öyrənmək üçün istifadə olunur.
Testi keçirmək üçün ağ vərəq, sadə qələm və pozan lazımdır. Yoxlanılan şəxsə heç bir izahat verilmədən dünyada olmayan heyvan şəkli çəkmək təklif edilir.
Yadda saxlamaq lazımdır ki, bu test fərdi halda istifadə olunduqda daha effektiv olur.
Təlimat: Siz fikirləşib elə bir heyvan şəkli çəkməlisiz ki, elə bir heyvan indiyə qədər dünyada olmayıb (qəhrəmanlar, nağıl və cizgi filmlərinin qəhrəmanlarından istifadə etmək olmaz). Testləşmənin sonunda yoxlanılan şəxsə heyvanın cinsini müəyyənləşdirməyi təklif etmək olar (qeyd edin sizin heyvan kişidir, qadındır yoxsa orta cinsdir)
Ümumi təəsürat: Mövcud olmayan heyvan çəkməklə yoxlanılan şəxs özünü ifadə edir və buna uyğun olaraq insan xarakterizə olunur. Adətən şəkil üç təəsüratdan birini yaradır. Şəkil çəkən insan ya aqressordur, ya inciyib və ona hədə qorxu gəlirlər, ya da neytraldır. Bu ilk təəsüratdır. Testin nəticələri ilkin tanışlıqda istifadə olunur.
Dairə fiquru və ya dairədən ibarət olan heyvan, əgər heç nə ilə doldurulmayıbsa, yəni boşluqdursa bu daxili aləmin qapalılığını, özü haqda ətrafdakılara informasiya vermək istəmədiyini və nəhayət sadəcə olaraq testdən keçmək istəmədiyini bildirir. Axırıncı bir neçə səbəbdən ola bilər. Birincisi, bu yoxlanılan şəxsin sizinlə ünsiyyətdə olmaq istəməməsini bildirir. Ola bilsin ki, o, sizin şəxsinizdə müdiriyyət nümayəndəsini görür. Bu zaman siz ona psixoloqun kim olduğunu izah edə bilərsiz. 2-ci halda bu bir sıra assosiasiyalarla (müəllim assosiasiyası ilə və s.) bağlı ola bilər. Əgər belədirsə, onda onu belə düşünməyə vadar edən şəxsin kim olması haqqında düşünmək lazımdır. 3-cü isə bu yoxlanılan şəxsin psixi qüsurları ilə bağlı ola bilər. O halda başqa, qeyri-verbal metodlarla təkrar müayinə aparılmalıdır. Ola bilər ki, yoxlanılan şəxs müayinə olunmaq istəməsin. Amma sizin izahatınızdan sonra axır ki şəkil çəkir. Bu halda şəkil o qədər də inandırıcı olmayacaq.
Bu zaman şəklin vərəqdəki vəziyyəti, yerləşməsi, istiqaməti və ümumi dinamikası təhlil olunur. Normal halda şəkil vərəqin mərkəzində və ya bir azca solda və yuxarıda yerləşdirilir. Lakin yadda saxlamaq lazımdır ki, norma nisbi anlayışdır.
Əgər şəkil vərəqin yuxarı hissəsində yerləşibsə bu yüksək özünüqiymətləndirmə və insanın sosiumda tutduğu vəziyyətindən narazılığını bildirir. Özünü ətrafdakılır tərəfindən qəbul edilməyən hesab edir. Özünütəsdiqə meyllidir. Konfliktli davranışa, aqresiyaya (zor, əzab vermək və s.) meyllidir.
Əgər şəkil vərəqin aşağı hissəsindədirsə, onda əks əlamətləri bildirir: özündən narazılıq, aşağı özünüqiymətləndirmə, ruh düşkünlüyü, qətiyyətsizlik, özünün sosial mövqeyi ilə maraqlanmamaq. Sağda yerləşdirilmiş şəkil yoxlanılan şəxsdə ekstraversiya, diqqətin gələcək üzərində cəmləşməsi, xarakterdə kişi xüsusiyyətlərinin nəzərə çarpdırılması, situasiya üzərində nəzarət etməyə meyl, ətrafdakılara yönəlmə, aqressiv seksuallıq əlamətlərinin olduğunu göstərir.
Lap kənarda sağda yerləşdirilmiş şəkil isə yoxlanılan şəxs üçün tabe olmamaq meylinin, həddən artıq konfliktli şəxs olduğunun, fövqaladə situasiyalarda autoaqresiyanın xarakterik olduğunu göstərir.
Əgər şəkil vərəqin sol tərəfində yerləşibsə yoxlanılan şəxs üçün introversiya, keçmişə yönəlmə, utancaqlıq xasdır. Bu növ şəkil çəkən şəxslərdə həmişə münaqişəli situasiyalardan qaçmaq müşahidə olunur. Yuxarı sol küncdə yerləşdirilmiş kiçik şəkil yüksək həyəcanı bildirir. Əksər hallarda özünə qəsd meylli insanlarda müşahidə olunur.
Subyektdən sol və arxada yerləşən boşluq keçmiş və fəaliyyətsizlik dövrü ilə, fikirlə, təsəvvürlə planlaşdırma və həyata keçirmə ilə əlaqədardır.
Sağ tərəfdə, öndə və arxada olan boşluq gələcək və fəaliyyət göstərmək dövrü ilə əlaqədardır. Vərəqin sağ tərəfi (sağ ələ uyğun olan) və yuxarı hissəsi müsbət boyalı emosiyalarla: coşğun, fəal hərəkət çətinliyi ilə bağlıdır.
Göstərici və şərhlər
Fiqurun əsas mənalı hissəsi baş yaxud onu əvəz edən detaldır. Sağa döndərilmiş baş hərəkətində sabitdir, demək olar ki, nə fikirləşirsə həyata keçirir və ya axıra çatdıra bilməsə belə heç olmasa həyata keçirməyə başlayır. İnsan öz maraq və meyllərini həyata keçirməyə fəallıq göstərir.
Sola döndərilmiş baş fəaliyyətə sabit meylli olmadığını göstərir. Düşüncəlilik, götür-qoy etmə əlamətidir, iş adamı deyil, fikirləşdiyinin cüzi hissəsini həyata keçirir. Əksər halda qətiyyətsizdir, fəal işə girişməkdən çəkinir.
Başın öndə görünüşü, yəni şəkil çəkənə baxması eqoizm, xudbinlik kimi qiymətləndirilir.
Başda yerləşdirilmiş hissələr hiss üzvləri qulağa, gözə, ağıza uyğun olanlardır. Gözlərin xüsusi mənası var (onlar qorxunun rəmzidir). Bu məna xüsusən gözün qişasının çəkilməsindədir.
Kipriyin olub-olmamasına fikir verin. Kipriklər daxili qıcıqları xəbər verir, xarakterin əlamətlərini nümayiş etdirir. Kipriklər həm də onu əhatə edənləri zahiri gözəlliklə və yüksək məna verdiyi geyim tərzilə heyran etməyə marağı ifadə edir.
Yarı açılmış ağız dillə birlikdə (əgər dodaq yoxdursa) yüksək nitq fəallığını göstərir (çox danışan). Əgər dodaqla birlikdə çəkilibsə bioloji həssaslığı göstərir, bəzən hər ikisi birlikdə olur. Dodaq və dil çəkilməyən açıq ağız qalın xəttlə çəkilibsə onda qorxub çəkinmənin və inamsızlığın əlamətləri olduğunu göstərir.
Qulaq hissəsinin mahiyyəti informasiyaya, onu əhatə edənlərlə maraqlanmağı göstərir.
Ağızda diş adamı dillə yeyən, əksər halda özünü müdafiə edən (öcəşmək, özünü təmizə çıxarmaq, onu məzəmmət edəndə, qınayanda kobudluq etmək) kimi izah olunur.
Uşaqlar və yeniyetmələr şəkildə ağzı dəyirmi çəkdikdə, bu onların qorxmalarını və təlaşlı olmalarını göstərir.
Fiqura nisbətən başın iri olması onu çəkənin geniş məlumatlı olmasını göstərir. Çox vaxt başda əlavə hissələr də yerləşdirilir. Buynuz müdafiə və təcavüz əlamətidir (təcavüzün digər əlamətləri caynaq, dırnaq, cod qıl və s.). Həmin təcavüzün xarakteri daxili səbəblərdən yaxud müdafiədən irəli gələ bilər.
Lələk özünütəsdiqi, nümayişkaranəliyi bildirir. Həmçinin lələk yoxlanılan şəxsdə qadın xüsusiyyətlərinin üstünlük təşkil etməsini və ya nəzərə çarpdığını göstərir. Yal (tel), saç, tük bu kimi hissələr həssaslığın, öz cinsini biruzə verməyi, bəzən isə seksual rola meyli göstərir. Fiqurun hərəkət-dayaq hissələri əzələlər, pəncələrdir. Burada həmin hissələrin fiqurun tam ölçüsünə və formasına nisbətən uyğun böyüklükdə olmasına diqqət yetirmək lazımdır. Belə ki, uyğun böyuklük qərar qəbul edərkən düşünməyi, səmərəli yol tapmağı, informasiyanın mövcud mənasına, vəziyyətinə əsaslanmağı göstərir. Və əksinə olduqda isə bu mülahizənin üzdən olmasını, xüsusən ayaqlar olmadıqda əsassız nəticə çıxarmağı bildirir. Ayaqların bədənlə birləşməsinə fikir vermək lazımdır: dəqiqmi, düzmü birləşdirilmişdir, yaxud necə gəldi, zəif birləşdirilib, yoxsa heç birləşdirilməyib. Ayaqların, bədənin digər dayaq hissələrinin eyni istiqamətdə, eyni formada olması mülahizə və fikirlərin konformluluğuna, bayağılığa işarədir. Həmin hissələrin yerləşməsində müxtəliflik isə sosial yönəlmələrin, mülahizə və fikirlərin orijinallığını, özünəməxsusluğunu, müstəqilliyini göstərir.
Fiqurdan yuxarıda duran hissələr funksional, yaxud məqsədli ola bilər. Bunlar qanadlar, ayaqlar, buynuz, caynaq, əlavə ayaqlar, digər hissələr, canlı zireh və lələk, bantlar, buruq saçlar, hörüklər, güllərdir.
Birincilər enerjini, insan fəaliyyətinin müxtəlif sahələrinin əhatə edilməsini, özünə inamı göstərir. Buynuz, caynaq, qanad cəsarətə uyğun gəlir.
Quyruqlar öz hərəkətinə, qərarına, çıxardığı nəticəyə, düşünüb danışmasına münasibəti ifadə edir. Quyruğun sağa və ya sola dönməsinə fikir vermək lazımdır. Həmin münasibətin mənfi və ya müsbət olması quyruğun istiqamətilə izah olunur. Belə ki, quyruğun yuxarıya doğru çəkilməsi inam, müsbət hal, gümrahlıq kimi, aşağıya çəkilməsi özündən narazılığı, dediyinə təəsüfləndiyini, peşimançılığını bildirir. Quyruqları bir neçə, bəzən təkrarlanan, qıllı, tüklü, uzun, saçaqlanan hissəsinə xüsusi fikir vermək lazımdır. Bu aktivlik, dözüm, etibar, inam yaratmaq qabiliyyəti, ünsiyyətcillik, stres və standart olmayan situasiyalarda hazırcavablıq, özünü itirməmək, məsuliyyəti öz üzərinə götürmək xüsusiyyəti kimi qiymətləndirilir. Sağa, yuxarı çəkilmiş quyruq insanın öz fəaliyyətindən, davranışından narazılığını göstərir. Sola, yuxarı çəkilmiş isə öz qətiyyətsizliyinə, fürsəti verdiyinə görə narazılığı göstərir.
Çıxıntıların olub olmamasına görə fiqurun konturu, tikan və caynaqların növləri, konturun qalın, tünd rəngli çəkilməsi onun başqalarından müdafiə olunmağını göstərir. Əgər iş sərt, iti çıxıntılarla yerinə yetirilibsə bu təcavüzkar müdafiədir.
Əgər kontur xəttində ləkələnmə, tündlük varsa bu qorxu və ya həyəcanı göstərir. Əgər sədd qoyulubsa, ikiqat xəttlə çəkilibsə bu ehtiyat və şübhələnmə əlamətidir. Yuxarı kontur ondan yüksəkdə duran, real hakimiyyəti olan adamların, yaşca böyüklərin-valideynlərin, müəllimlərin qadağan qoymalarının əleyhinədir. Aşağı kontur lağa qoyulmanın, sayılmamağın, tabe olanlar və kiçiklər arasında hörmətin olmamasının, ittiham qorxusunun əleyhinədir.
Yan kontur fərqləndirilməyən qorxu, hər cür tərzdə və müxtəlif vəziyyətlərdə müdafiəyə hazırlığı göstərir. Əgər bunlar konturda yox, lap elə daxildə, heyvanın bədənindədirsə yenə də müdafiə elementi sayılır. Sağda daha çox real fəaliyyət prosesində, solda isə fikirlərini, inamını müdafiə edir.
Ümumi enerji şəkli xeyli mürəkkəbləşdirən hissələrin sayı ilə müəyyən olunur. Əgər bu hissələr çoxdursa enerji yüksəkdir, azdırsa enerjiyə qənaət edir, utancaqdır.Bu həmçinin zəif, hörümçəkvari xəttin xarakterilə də izah olunur.
Heyvanın insana oxşadılması, yəni düz qamət, 4 pəncə əvəzinə 2-sinin olması, heyvana insan paltarı geydirilməsi, üzünün insana oxşadılması infantilizm əlamətidir.
Ev heyvanları. Ev heyvanlarının çəkilməsi öz həyat enerjisinin «əhliləşdirmək» meylinə uyğun gəlir.
Fantastik və üslublaşdırılmış (yəni birinin xarakterinin təqlid edilməsi) heyvanlar. Məs: kitab və cizgi filmlərinin qəhrəmanları (Tıq-tıq xanım, div, Tom və Ceri və s.) yoxlanılan şəxsin öz problemlərini təhlil etməkdən imtina etməsini bildirir.
İnsana məxsus olan konkret heyvanların təsvir olunması. Bir qayda olaraq belə heyvanlar insanın həmin heyvanla təmasda olarkən təlabatlarının təmin olunmasına uyğun gəlir. Yadda saxlamaq lazımdır ki, ev heyvanları saxlayan insanlar, onları əhatə edən insanlarla təmasda olarkən ödənilməyən təlabatlarını məhz o heyvanlarla ünsiyyətdə təmin edirlər.
Vəhşi heyvanlar. Onlar müxtəlif səbəblərə görə seçilə bilirlər. Konform obrazın seçilməsi. Məs: «sülh simvolu» olan göyərçini seçməklə yoxlanılan şəxs xeyirxah insan olduğunu demək istəyir.
İt - asılılıq, tabeçilik meylinin göstərir.
Pişik - taktil (toxunma) kontakta olan təlabatı, özünü təsdiq etməni, sözlü qarşılıqlı təsirdən fərqli olaraq qeyri-sözlü qarşılıqlı təsirə üstünlük verməni göstərir.
Yük heyvanları - ətrafdakıları günahlandırmağa, öz həyatına görə məsuliyyət daşımamaq meylini göstərir.
Yekun: «Mövcud olmayan heyvan» testinin öyrənilməsi şəxsiyyətin problemlərini müəyyən etməyə imkan verir.
Aşağıda Səbail rayonu 160 saylı orta məktəbin psixoloqu Validə Bağırovanın «Sirli heyvan» metodikası ilə bağlı apardığı diaqnostik işlərdən nümunələr təqdim edirik.
Şəkil 1. Əvvəla qeyd edim ki, hər iki rəsm yeniyetmələr tərəfindən çəkilmişdir. Bu rəsm ilk növbədə yoxlanılan şəxs haqqında bizdə ilkin təəsürat yaradır. İlk növbədə diqqəti cəlb edən xüsusiyyət yoxlanılan şəxsin özünüqiymətləndirmə səviyyəsinin yuksək olmasıdır. Çünki rəsm bütün vərəqi tutur. Lakin bu müdafiə xarakterli də ola bilər. Yoxlanılan şəxs bütün müvəffəqiyətsizliklərində özündən başqa hamını günahlandırır, mənsub olduğu qrupun üzvləri kimi olmağa çalışır. Aqressiv davranışlıdır, çətin situasiyalarda məsuliyyəti öz üzərinə götürə bilir. Digər əlamətlər: infantilizm, emosional naqislik, müstəqillik.
Şəkil 2. Yoxlanılan şəxs üçün xarakterik olan əlamətlər: qorxu, həyəcan, asılılıq, qətiyyətsizlik, qapalılıq, eqosentrizm, tez incimək, ünsiyyət problemi, infantilizm. Ola bilər ki, yoxlanılan şəxs sadəcə olaraq özü haqqında informasiya vermək istəməmişdir.
|